Analitika

Ermənistanın Azərbaycan ərazisində ekologiyaya qarşı davam edən vandallığına beynəlxalq təşkilatların susması yolverilməzdir

Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi soyqırımı, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi zərər vurulmuş, beynəlxalq ekoloji cinayət törədilmişdir. Müxtəlif nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmışdır. Transsərhəd çay olan Oxçuçay uzun illər Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalmış və Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərmişdir.

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir.

Azərbaycanlı eko-fəallar Qarabağın təbii sərvətlərinin, faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq Şuşa-Laçın yolunda aksiya keçirirlər. Bu aksiyaya ölkənin müxtəlif regionlarından olan fəallar qoşulur. Etirazçıların haqlı tələbləri Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmasından ibarətdir. Bu aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Etirazçıların tələbləri dəyişməzdir. Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoyulmalı, aksiya iştirakçılarının Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkmələri təmin edilməli, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov aksiya keçirilən yerə gəlməlidir.

Aksiya dinc şəkildə keçir, hər hansı asayiş pozuntusu baş verməyib. Ermənistan tərəfi dezinformasiya yaymaqla beynəlxalq ictimaiyyətin diqqətini problemin mahiyyətindən yayındırmağa, Şuşa-Laçın dəhlizində ajiotaj yaratmağa çalışır. Lakin aksiya ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar. Laçın yolu isə azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Bu cür bəyanatlar Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə tamamilə ziddir. Ermənistanın Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button