Analitika

Ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında parlaq perspektivlər açılıb

Prezident İlham Əliyev cari ilin birinci yarımilinin yekunlarına həsr olunan müşavirədə bir çox məsələlərə toxunaraq çox mühüm mesajlar verdi. Məlumdur ki, hazırda dünyada baş verən ziddiyyətli proseslər qlobal iqtisadiyyata da öz mənfi təsirini göstərməkdədir. Ölkəmizdə son illərdə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edərək dünyanın ən dinamik inkişaf edən, dayanıqlı və sabit iqtisadiyyatlarından birinə çevrilmişdir. Son illərdə Azərbaycan iqtisadiyyatı ciddi əsaslarla inkişaf edib. Bu illər ərzində ümumi daxili məhsul xeyli artmış, yoxsulluq tamamilə azalmışdır. Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir. Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi hər zaman dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biri olub.

Müşavirədə Azərbaycan Prezidenti inkişafın yeni mərhələsinin haqqında məlumat verdi. Yeni şəraitdə ölkəmiz strateji məqsədlərə çatmaq uğrunda inamla addımlayır. Ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında parlaq perspektivlər açılıb. Xüsusilədə dünyada yeni geosiyasi nizamın yarandığı şəraitdə Prezident İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizin regionda və beynəlxalq aləmdə mövqeyini dahada möhkəmləndirəcək.

Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlər və situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və vahidlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində ölkəmizin qlobal mövqeləri möhkəmlənib, nüfuzu artıb, beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imicini qazanıb. İlin birinci yarısına nəzər salsaq, görərik ki, bu müddət ərzində də ölkəmizin xarici siyasəti uğurlu olub, həm beynəlxalq və regional təşkilatlarla, həm də ayrı-ayrı dövlətlərlə münasibətlərimiz genişlənməkdədir. Prezident İlham Əliyev müşavirədə Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi məsələsinə toxundu. Məlumdur ki, Azərbaycan bu missiyanı uğurla icra edir. Müşavirədə Prezident İlham Əliyev işğaldan azad olan torpaqlara böyük qayıdış proqramı haqqında da danışaraq, ilin sonuna qədər Laçında yaşayış məntəqələrin sayının artırılması barədə işlərin görülməsi barədə tapşırıq verildi. Ermənistanın rəhbərliyi tərəfindən son zamanlar səslənən status məsələsinə də dövlətimizin başçısı münasibət bildirdi. Sözsüz ki, məğlub ölkə tərəfindən statusun yenidən ortaya atılması cəhdi sadəcə gülüş doğuran məqamlardandır.

Öz çıxışında cənab Prezident qeyd etdi ki, 2023-ci ilin ilk altı ayı ərzində ölkəmizdə bütün sahələrlə yanaşı hərbi sahədə də önəmli islahatlar həyata keçirilmişdir. Azərbaycan hərbçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Cənab Ali Baş Komandanın qeyd etdiyi kimi, qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Azad edilmiş torpaqlarda hərbi şəhərciklər, bazalar yaradılır, hərbi təyinatlı yollar salınır, infrastruktur qurulur. Bütün bu işlərin fonunda isə əlbəttəki, ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə diqqət və qayğı durmadan artır. Postmüharibə dövründə bir çox şəhid ailələrinə və qazilərimizə dövlət tərəfindən mənzillər verilib. Bütün bunlar ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında məhz insan amilinin dayandığını bir daha təsdiq edir.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button