Analitika

Enerji təhlükəsizliyində Azərbaycanın rolu

Azərbaycan respublikasında ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlayan beynəlxalq sərgilərinin keçirilməsi indi də, uğurla davam etməkdədir. Bakı Enerji Həftəsinin keçirilməsi də belə beynəlxalq əhəmiyyətli sərgilərdəndir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə 38 ölkədən 331 şirkət iştirakını təsdiq etmişdir. Tədbirdə təmsil olunan ölkələr Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avrstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiyadır. “Caspian Oil&Gas” sərgisi artıq 27 ildir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıqlar üçün bir platformaya çevrilib. Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiq edir.

1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi. Təsadüfi deyildir ki, həmin ildə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə ölkəmizdə vəziyyəti kökündən dəyişdi. Nəticədə sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu. Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. Həmin dövrə nəzər yetirsək görərik ki, 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatması, atəşkəs imzalanması, və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalanması tarixi addımlar idi. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı. Müstəqilliyini yeni əldə etmiş dövlət olaraq çox insan Azərbaycan haqqında məlumata malik deyildi. Sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayan bir ölkə olaraq çətin bir dövrü geridə qoyduq. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Bizim neft kəmərlərimiz, mülki infrastrukturumuz yox idi. Bu səbəbdən beynəlxalq sərmayələrin qoyulması üçün mütləq şəkildə bizə güclü tərəfdaşlar lazım idi. “Əsrin müqaviləsi” ilə biz buna nail ola bildik. Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak bu tədbirə öz məktublarını ünvanlayıblar. Bu, onun göstəricisidir ki, bu tədbir qlobal əhəmiyyətə malikdir. ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. 30 il ərzində Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır.

Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Enerji təhlükəsizliyi təmin edilməsi vacib məsələlərdəndir. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir. Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Memorandum uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvüdür. Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın və lider, aparıcı ölkə olsun. Bərpaolunan enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərirlər. İllər keçdikcə bu şirkətlərin sayı artacaq. Qlobal əhəmiyyətli layihə olan Cənub Qaz Dəhlizi tarixi nailiyyətdir. 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir. Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.Enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bizim halda bu, hər iki məsələdir – həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir.

Strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçirilir. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər böyük dərinlikdən ilk qaz alacağıq. Əhəmiyyətli tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir.

Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button