AnalitikaGündəmSiyasət

Enerji sahəsində əməkdaşlıq inkişaf edir

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də Bakıda rəsmi qarşılanma mərasimi olub. Rəsmi qarşılanma mərasimindən sonra Prezidentlər həm geniş tərkibdə, həm də təkbətək görüşmüş və hər iki prezident Mətbuata bəyanatla çıxış ediblər.

Cənab Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq. Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq.

O, qeyd etmişdir ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. 12 ölkədən 10 ölkə Avropa ölkəsidir. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq.

Azərbaycan Respublikası ilə Şimali Makedoniya Respublikaları arasında ikitərəfli münasibətlər  25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanınması ilə qoyulmuşdur. İki ölkə arasında diplomatik münasibətlər  isə 28 iyun 1995-ci ildə qurulmuşdur. Hazırda  Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Şimali Makedoniya Respublikasının Prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə Azərbaycana işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 konfransı çərçivəsində noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq da yüksək səviyyədə inkişaf edir.  AR Milli Məclisində Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. İki ölkə arasında bu illər ərzində 5 sənəd imzalanmışdır. Həmçinin, hazırda Azərbaycan Respublikasında 5 Şimali Makedoniya investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir.

Elçin Əliyev,
Xəzər rayonu, 26№li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button