Enerji diplomatiyası
Bütün dünyada olduğu kimi ölkəmizdə də davamlı bir inkişaf prosesi gedir. Avropa miqyasında inkişaf tempinə görə fərqlənən dövlətlərdən biri məhz Azərbaycandır. Bu inkişaf respublikamızın bütün sahələrini, o cümlədən iqtisadiyyatımızın əsas sahəsi olan neft-qaz sektorunu əhatə edir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Xəzər dənizində aşkar edilmiş yeni neft yataqlarından nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətləri ilə əlaqələr yaratmağa başladı. Bu məqsədlə, 1994-cü ildə ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı kimi ölkələrin qabaqcıl neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan müqavilə imzalanmışdır.
Azərbaycanın qaz ixracatının genişləndirilməsində 2022-ci ildə fəaliyyətə başlayan Yunanıstan və Bolqarıstan arasında qaz interkonnektoru mühüm rol oynayır. 25 mart 2022-ci ildə boru kəməri Trans Adriatik Boru Xəttinə qoşulmuşdur. Həmin ilin iyununda Azərbaycan qazının boru xəttinə vurulması prosesinə başlanılmışdır. Bununla yanaşı, 2022-ci ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na əsasən Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır.
2023-cü ilin 25 aprel tarixində Bolqarıstanın paytaxtı Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Bu Memorandum Azərbaycanın enerji resurslarının daha da şaxələndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və ölkələr arasındakı əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra ölkəmiz Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün bir neçə Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq. Bu əməkdaşlıq Azərbaycan və Bolqarıstan Respublikası arasında 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannaməni bir daha təsdiqləyir. Belə ki, bəyannaməyə görə tərəflərin mövcud razılaşmalarına və öhdəliklərinə uyğun olaraq, təbii qazın Azərbaycandan Avropaya təchizinə imkan yaradan, beləliklə də təbii qazın çatdırılma marşrutlarının diversifikasiyası vasitəsilə Avropanın enerji təhlükəsizliyini gücləndirən Cənub Qaz Dəhlizinin inkişafı üzrə əməkdaşlıq edilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqının daha 8 üzv ölkəsi ilə strateji əməkdaşlıq barədə sənədlər imzalamışdır. TAP (Trans Adriatik Boru Kəməri) və TANAP (Trans Anadolu Boru Kəməri) layihələri vasitəsilə hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniya kimi ölkələrə Azərbaycan qazı ixrac olunur. Qeyd olunan ölkələrə net və qaz ixracı ilə yanaşı, neft-kimya məhsulları və elektrik enerjisi də ixrac olunur. Yaxın zamanda, Slovakiya və Macarıstana da ixrac planları nəzərdə tutulmuşdur. Yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar aparılır.
Ölkəmizdə yaşıl enerjnin əldə olunması və Avropaya ixracı istiqamətində də fəaliyyətlər həyata keçirilir. Bildiyimiz kimi, neft və qaz tükənən və bərpa olunmayan təbii ehtiyatlar olduğu üçün bizim tükənməyəcək, davamlı bir enerji mənbəyinə ehtiyacımız var. Respublikamızda tükənməyən günəş və külək enerji ehtiyatları mövcud olub, onun potensial miqdarı 200 qiqavat hesablanmışdır. Bu ehtiyatların bir qismindən istifadə etmək üçün aparıcı beynəlxalq şirkətlərlə müqavilələr və anlaşma memorandumları imzalanmış və ilk külək və günəş enerjisi stansiyalarının tikintisinə başlanılmışdır. Belə ki, hazırda ölkəmizdə ən böyük elektrik stansiyası Xızı rayonunun ərazisində yerləşən 50 MVT gücündə “Yeni Yaşma” külək elektrik stansiyasıdır. Cəbrayılda 240 MVT günəş və Kəlbəcərdə 100 MVT külək elektrik stansiyalarında işlərin başa çatdırılması, Abşeron regionunda isə 240 MVT-lıq günəş və külək enerjisi stansiyalarının quraşdırılması ekoloji təmiz enerji hesabına elektrik enerjisinin ixrac potensialını artırmaqla yanaşı, elektrik stansiyalarında istifadə olunan 5,6 milyard kubmetr qazın bir hissəsinin qənaət edilərək ixraca yönəldilməsinə imkan verəcək.
Yekun olaraq, Azərbaycan Respublikası neft-qaz sektorunu inkişaf etdirmək, onun ixracını genişləndirmək, bu sahə üzrə Avropada aparıcı qüvvəyə çevrilmək istiqamətində dayanmadan müxtəlif işlər həyata keçirir. Neft, qaz, yaşıl enerji ilə bağlı layihələr nəzərdə tutulur. Bütün bunlardan əlavə, güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, Avrasiyanın enerji xəritəsi yenidən cızılır.
Günəş Abbasova,
Xəzər rayonu, 256 nömrəli məktəbin müəllimi