
Azərbaycan Respublikası, demək olar ki, hər ay xarici dövlətlərin ölkə başçıları səviyyəsində təşkil olunan rəsmi səfərlərinə ev sahibliyi edir. Bu, Azərbaycan Respublikasının həm siyasi arenada artan nüfuzunun, həm də ki təhlükəsiz dövlət olduğunu bir daha nümayiş etdirir. 7 may 2025-ci il tarixində növbəti belə səfər baş tutdu. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü mətbuatın diqqət mərkəzinə çevrildi. Mətbuata verdiyi bəyanatda hər iki dövlət rəsmisi həm Azərbaycan, həm də dünya ictimaiyyətini maraqlandıran məsələlərə aydınlıq gətirdilər. Səmərəli şəkildə təşkil edilən səfər zamanı bir çox istiqamətlərdə müzakirələr aparılmış, mühüm əhəmiyyətə malik sənədlər imzalanmışdır. Azərbaycan Respublikası və Vyetnam arasında imzalanan “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu”, “SOCAR Trading Singapore PTE LTD” ilə “Binh Son Refining and PetrochemicaI JSC” arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Vyetnam İnformasiya Agentliyi arasında əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VİNEN) arasında Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” adlı sənədlər iki dövlət arasındakı münasibətləri yeni bir mərhələyə daşıyacaq, sıravi münasibətləri əməkdaşlıq, tərəfdaşlıq və dostluq səviyyəsinə qaldıracaq. İmzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək lazımdır. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Aparılan danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, iki dövlət arasında qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atılmışdı. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək.
Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr deməyə əsas verir ki, bu gün daha çox ticarət əməkdaşlığı formasında mövcud olan münasibətlərimiz yeni məzmun kəsb etməyə başlayacaq. Çünki görüş zamanı qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar. Əslində hər iki dövlət arasında ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Komissiya iclası uzun illərdir ki, keçirilmir və əldə edilmiş razılaşma əsasında tezliklə Komissiyanın iclasının keçirilməsi məsələsi öz həllini tapıbdır. Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, dövlətlərarasındakı ticarət dövriyyəsini daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, İlham Əliyev də vurğuladığı kimi qarşılıqlı informasiya mübadiləsi lazımdır, hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı – bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq.
Görüş zamanı iki dövlət arasında bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı da fikir mübadiləsi aparıldı. Hörmətli qonağa Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı olduğu barədə məlumat verilib, imzalanmış kontraktların 5 il bundan sonra Azərbaycan Respublikasına 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracağı bildirilib və Vyetnam şirkətlərinə investisiya qoymaq təklif edildi, eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğu nəzərlərinə çatdırıldı.
Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.
Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır. Eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi aparılmış və burada da heç bir fikir ayrılığının olmadığı bir daha aydın oldu. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında – beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır. Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. To Lam ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaq.
İbrahimova Yeganə
Xəzər rayonu, Z. Ağayev adına 241 saylı tam orta məktəbin müəllimi