Gündəm

Əlilliyi olan şəxslərin mədəni istirahətinin təşkilinə və istedadlarının üzə çıxarılmasına dəstək göstərilir

“Biz Bir Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin dəstəyi, Sosial Xidmətlər Agentliyinin rəsmi tərəfdaşlığı ilı 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial xidmət müəssisəsində “Əlilliyi olan şəxslərin mədəni istirahətinin təşkilinə və istedadlarının üzə çıxarılamsına dəstək” adlı inklüziv konsert proqramı təşkil edilib.

Globalnews.az xəbər verir ki, konsertdə müəssisənin sakinləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

3 nömrəli Respublika internat məktəbinin şagirdləri və “Eşitmə və nitq məhdudiyyətli şəxslər” İctimai Birliyinin üzvlərinin təqdimatında Dövlət Himni səslənib.

“Biz Bir Ailəyik” Əlillərə Dəstək İctimai Birliyinin sədri Günay Ağazadə çıxış edərək rəhbərlik etdiyi təşkilatın sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil etdiyi tədbir və proqramlar barədə məlumat verib.

Nizami Rayon Yeni Azərbaycan Partiyası sədrinin müavini Rəşadət Xalıqov və hüquqşünas Arzu Fərəcova ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası, mədəni istirahətinin təşkili, özünüməşğulluğunun təminatı, bilik və bacarıqlarının üzə çıxarılması, idman məşğələlərinə cəlb olunması sahəsində həyata keçirilən səmərəli tədbirlərdən danışıb, həmin kateqoriyadan olanlara ardıcıl qayğı göstərilməsinin vacibliyindən bəhs ediblər. Qeyd olunub ki, əlilliyi olan şəxslərin maarifləndirilməsi, istedadlarının aşkar edilməsi, mədəni istirahətlərinin təşkili sahəsində İctimai Birliyin gördüyü işlər təqdirəlayiqdir və sosial xidmət müəssisəsində təşkil edilən inklüziv konsert proqramı bu sahədə təşkil edilən növbəti tədbirlərdəndir.

Konsert proqramında 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin uşaqlarından ibarət xor və rəqs kollektivinin ifasında musiqi və rəqs nömrələri təqdim olunub, İctimai Birliyin üzvlərinin ifasında şeir və mahnılar səsləndirilib. Əlvan musiqi və rəqs nömrələrindən ibarət şou proqram müəssisənin sakinlərinə və tamaşaçılara xoş təsir bağışlayıb.

“Biz Bir Ailəyik” Əlillərə Dəstək İctimai Birliyinin sədri Günay Ağazadə tədbirdən sonra deyib: “İctimai Birlik fəaliyyət göstərdiyi il ərzində sağlamlıq məhdudiyyətli uşaqlar üçün müxtəlif tədbirlər həyata keçirib. Bu ilin fevralında paytaxtda və bölgələrdə yaşayan əlilliyi olan uşaqların iştirakı ilə inklüziv konsert proqramı, apreldə həmin kateqoriyadan olanlar üçün iftar süfrəsi, may ayında Naxçıvan Muxtar Respublikasında inklüziv konsert, Naxçıvan Dövlət Universitetində inklüziv müzakirə təşkil edilib. İyun ayında “Baku Crystal Holl”da keçirilən sərgidə Əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi stendi də böyük maraqla qarşılanıb. Bu il noyabrın axırlarında 3 Dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Paraolimpiya İdman həftəsi” keçirməyi də nəzərdə tutmuşuq. Həftə ərzində əlilliyi olan şəxslər arasında müxtəlif idman növlərindən ibarət yarış keçiriləcək və qaliblərin mükafatlandırılması mərasimində konsert proqramı ilə tədbirə yekun vurulacaq”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button