Elçin Həbibov: “Vətəndaşların kiçik borclar barədə məlumatlandırılmaması problem yarada bilər”

Vətəndaşların kiçik məbləğli borclar barədə məlumatlandırılmaması ciddi problem yarada bilər.
Globalnews.az “Report.az”-a istinadən xəbər verir, bunu “Azərbaycan Kredit Bürosu” MMC-nin baş direktoru Elçin Həbibov jurnalistlərə açıqlamasında bildirib.
“Findoc” portalında qeydiyyatdan keçən vətəndaşın kredit tarixçəsinə neqativ məlumat düşən kimi dərhal ona bildiriş göndərilir. Bu məbləğ bir qəpik də olsa, əgər bank məlumat ötürmürsə belə, kredit bürosuna daxil olan anda sistem həmin məlumatı vətəndaşa çatdırır. Bu sistemin məqsədi vətəndaşları vaxtında xəbərdar etməkdir. Biz artıq o müqavilənin tərəfi deyilik. Biz sadəcə məlumatverici qurumuq. Bildiriş göndərməklə vətəndaşa deyirik ki, sizin filan bankda və yaxud təşkilatda probleminiz yaranıb, gedin, bu məsələni araşdırın”, – deyə o qeyd edib.
Baş direktor əlavə edib ki, bu günə qədər 135 min şəxs “Findoc” portalında qeydiyyatdan keçib və sistemdə qeydiyyat heç vaxt gec deyil: “Əgər neqativ məlumat indi daxil olursa və yaxud gələcəkdə daxil olacaqsa, sistem istənilən halda vətəndaşa xəbərdarlıq göndərəcək. Bu səbəbdən hər bir şəxs kredit götürdüyü anda portala daxil olub qeydiyyatdan keçməlidir”.