
Müasir dövrün mürəkkəb və çoxqütblü reallıqları qarşısında bir sıra beynəlxalq təşkilatlar gözlənilən funksionallığı göstərə bilmir. Bir zamanlar qlobal sabitliyin təminatçısı kimi çıxış edən bu strukturlar indi ya proseslərə təsir edə bilməyəcək qədər passivləşib, ya da güc balansı qarşısında neytrallıqlarını itiriblər. Onların reaksiyası ya gecikir, ya da yalnız bəyanat səviyyəsində qalır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu təşkilatların fəaliyyəti getdikcə simvolik xarakter daşıyır. Məsələn, BMT Təhlükəsizlik Şurasının qərarlarının icra olunmaması, bəzi hallarda isə ikili standartlarla tətbiq olunması, beynəlxalq hüququn selektiv şəkildə işlədiyini göstərir. Ədalət və obyektivlik prinsipləri arxa plana keçdikcə bu təşkilatlara olan inam sarsılır və dövlətlər öz maraqlarını fərdi yolla təmin etməyə başlayırlar.
Bu vəziyyət qlobal sistemin yenidən nəzərdən keçirilməsini zəruri edir. Əgər beynəlxalq təşkilatlar struktur və mexanizmlərini müasir dövrə uyğunlaşdırmasa, onların real təsir imkanları daha da zəifləyəcək. Yeni çağırışlar qarşısında çevik və prinsipial qərarlar verə bilməyən qurumlar, nəticə etibarilə dünya təhlükəsizliyi üçün risk faktoru halına çevrilə bilər.
Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi