DYP-dən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
İcxeberinfo.az xəbər verir ki, xəbərdarlıqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 3-dən 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, bu yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilib.
Qeyd edilib ki, Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağması nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün şinləri normalara və mövsümə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edir, həmçinin bu cür hava şəraitində nəqliyyat vasitələrini idarə etmə vərdişləri olmayan sürücülərin avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, həmin sürücülərin sükan arxasına əyləşməmələri tövsiyə olunur.
Diqqətə çatdırılıb ki, digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumuna görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.