AnalitikaGündəmOrduQarabağ və Şərqi Zəngəzur

Düşmənə göz dağı – Zəfər Günü

XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən  müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin müstəsna əhəmiyyətli hadisələrindən biridir. İlk gündən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir. Döyüş meydanında Ermənistan Silahlı Qüvvələrinin darmadağın edilməsi, 30 ilə yaxın işğal altında saxlanılan Azərbaycan torpaqlarının əsarətdən qurtarılması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnmiş tarixi qələbə xalqımızın bəzən açıq, bəzən də gizli şəkildə ona qəbul etdirməyə çalışdıqları ədalətsizliklə barışmadığını, milli maraqlarını qorumaq üçün hər bir fədakarlığa hazır olduğunu nümayiş etdirdi. Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəlmişdir. On minlərcə azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və şikəst edilmiş, kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdir. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu günədək məlum deyildir.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Prezident İlham Əliyevin imzalandığı sərəncamlarla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Vətən müharibəsinin ümumilikdə 160 minə yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunub.

8 noyabr-Zəfər Günü Azərbaycan xalqının tarixinin şanlı səhifəsini təşkil etməklə, beynəlxalq hüquq və ədalətin təntənəsidir. Bu önəmli gündə Azərbaycanın müstəqilliyi, suverenliyi və bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.

Məmmədova Nazilə,
Xəzər rayonu, 120 nömrəli
tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button