
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə yollanıb. Bu görüş təkcə iki ölkə arasında diplomatik əlaqələrin epizodu deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan Prezidentinin siyasi qətiyyəti, dövlətçilik iradəsi və mənəvi ucalığının parlaq təcəssümü idi.
Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxış edərək bir sıra məsələlərə toxunub. Dövlətimizin başçısının çıxışı Azərbaycan- Tacikistan münasibətlərinin möhkəmlənməsi, MDB məkanında dostluq və əməkdaşlığın dərinləşməsi, eləcə də Azərbaycanın regional mədəni və idman təşəbbüslərinin əhəmiyyətinə dair önəmli mesajlarla yadda qalıb. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunub, III MDB oyunlarından və Laçının inkişafından danışıb. Dövlətimizin başçısı qeyd edib: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiyinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm”.
Prezident İlham Əliyev Birliyin humanitar həyatında mühüm hadisə olan III MDB Oyunlarının Azərbaycanın qədim mədəniyyət mərkəzi Gəncə şəhərində və ölkənin daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mİngəçevir, Xankəndi və Şəkidə keçirildiyini xüsusi vurğulayıb. Belə ki, bu yarışlarda 13 ölkədən –həm MDB üzvləri olan, həm də qonaq dövlətlərdən 1600-dən çox idmançı iştirak edib. Gəncədə və digər şəhərlərdə keçirilən oyunlar Azərbaycan idman infrastrukturunun gücünü nümayiş etdirməklə yanaşı, MDB ölkələri arasında mədəni və humanitar əlaqələrin daha da yaxşılaşmasına mühüm töhfə verdi.
İlham Əliyevin Düşənbə səfəri Azərbaycanın qlobal miqyasda artan nüfuzunu və regional liderliyini bir daha təsdiqləmiş oldu. Düşənbə görüşü bir daha sübut etdi ki, Prezident İlham Əliyev təkcə Azərbaycan dövlətinin deyil, bütövlükdə regionun ən güclü və düşünülmüş siyasət yürüdən Lideridir. Onun çıxışında sərgilədiyi təmkin, siyasi etika və eyni zamanda dərin məntiq bir daha göstərdi ki, Ulu Öndər Heydər Əliyev məktəbi bu gün Prezident İlham Əliyevin simasında yeni zirvələrə yüksəlib.
Xəzər rayonu, H.Z.Tağıyev adına
123 saylı tam orta məktəbin müəllimi
Qurbanova Günel