AnalitikaGündəmOrduQarabağ və Şərqi Zəngəzur

Dünyaya səs salan Dəmir yumruq əməliyyatı

Tariximizin şanlı səhifəsi olan “Dəmir yumruq” əməliyyatı təkcə rəşadətli ordumuzun apardığı mübarizə deyil, eyni zamanda, Müzəffər Ali Baş Komandanın siyasi və diplomatik mübarizəsi dünya azərbaycanlılarının həmrəyliyinin və birliyinin nümayişi oldu. Nəticədə gecikmiş ədalət bərpa olundu, xeyir şər üzərində qələbə çaldı. Beynəlxalq qurumların illər ərzində edə bilmədiyini Azərbaycan əsgəri cəmi 44 günə etdi, bizlərə Böyük Qələbə sevinci qazandırdı. Bu gün ata-babalardan miras qalan əzəli və əbədi torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır və o bayraq yurdundan ayrı düşən soydaşlarımızın quruculuq işləri başa çatdıqca öz yurduna Böyük Qayıdışının uzaqda olmadığının işarəsidir.

2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyanatları, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri və bu təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın Müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, “yeni torpaqları üçün yeni müharibə” çağırışı münaqişənin sülh yolu ilə həlli imkanlarını sarsıtdı. 2020-ci ilin iyul ayında ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. Avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş, lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.

25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformat çıxışında Ermənistanın son təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmasına cavab olaraq həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur. 28 sentyabrda ölkədə qismən səfərbərlik elan edilmişdir.

Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən işğalçı ölkənin ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa qadir olan döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi qələbəyə gedən yolumuzu daha da yaxınlaşdırdı. Belə ki, düşmən bu ərazilərə faktiki, eyni zamanda praktiki cəhətdən yaxşı bələd idi. Bizim döyüşlərdə iştirak etmiş bir çox əsgər və zabitlərimiz bu coğrafiyada ilk dəfə idi ki, vuruşurdu. Qarşımızdakı ordu isə bu yerləri daha yaxşı tanıyırdı. Ermənistan pulsuz əldə etdiyi texnika və hərbi sursatlar hesabına təminatlı orduya malik olsa da, ordumuzun onlara qarşı istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA), “Bayraktar TB2” zərbə pilotsuz təyyarələri və “Zərbə” dronlarının zərbələrindən qaçmaq mümkün olmadı.

Başlanğıcda bir sıra kəndləri və strateji yüksəklikləri işğaldan azad edən ordumuz 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhərini işğaldan azad etdi.  Döyüşlərin gedişi zamanı ümumilikdə uzun illər işğal altında olmuş 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi döyüş meydanında azad edildi. Hərbi əməliyyatlar zamanı qazanılmış qələbələr, xüsusilə Qarabağın tacı olan Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Belə ki, Şuşa işğaldan azad olunandan cəmi bir gün sonra Azərbaycan ordusu daha 70-dən çox yaşayış məntəqəsini azad etdi və bununla da düşmənə son zərbə vurdu. Məhz bundan sonra Ermənistan öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşınyan münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-dövlət birliyi ölkəmizin qələbəsini təmin edən amillər oldu. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu cənab İlham Əliyevin rəhbərliyi ilə bu dövr ərzində inkişaf etdirilmiş, müasir standartlara cavab verən silah və artilleriya, eyni zamanda müxtəlif qoşun növləri ilə təchiz olunan ordumuz düşmən ordusunun önünə peşəkarcasına çıxmışdı. Ermənistanın 30 ilə yaxın bir müddətdə qurduğu bütün istehkamları uğurla yararaq irəliləyən Ordumuzun qəhrəman əsgərləri öz missiyasını da ləyaqətlə yerinə yetirdi. Onlar Şuşa şəhərini böyük şücaət və mərdliklə, dağlardan, meşələrdən, sıldırım qayalardan keçərək, əlbəyaxa döyüşdə düşməni məhv edib işğaldan azad etdilər. Baxmayaraq ki, tarixi qələbəmiz döyüş meydanında əldə edildi, lakin beynəlxalq platformalarda danışıqların aparılması, uzun illər beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması da bu işdə öz səmərəsini verdi. Beləliklə, biz müharibəni döyüş meydanı ilə yanaşı, həm də siyasi arenada qazandıq. Azərbaycan 44 günlük Vətən müharibəsində istəyinə nail oldu.

Bu gün Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edib. Prezident İlham Əliyevin təbirincə desək, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə çəkilməyəcək”. Elə də oldu. Azərbaycan Vətən müharibəsini böyük zəfər və tarixi qələbə ilə başa vurdu. “Dəmir yumruq” əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Kərimova Aygül,
Xəzər rayonu, 262 №li tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button