Analitika

Dövlətimizin başçısı Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə  təşəbbüs və təkliflərlə çıxış edir

Müstəqil Azərbaycan beynəlxalq əlaqələrini genişləndirməklə qlobal həmrəyliyin möhkəmlənməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, yeni əməkdaşlıq bağlarının yaranmasına davamlı töhfələr verir. Bu baxımdan respublikamızla BMT-dən sonra dünyada ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı ilə əməkdaşlığının önəmini xüsusi qeyd edə bilərik. Hazırda Azərbaycan-Qoşulmama Hərəkatı münasibətləri çoxtərəfli aspektlərə malikdir. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qeyri-iyerarxik xarakter daşıyan, idarəçiliyi rotasiya əsasında dəyişən təşkilat hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir.Respublikamız ilk vaxtlarda Qoşulmama Hərəkatında müşahidəçi statusunda iştirak edib. Azərbaycan hərəkata qəbulla bağlı prosedur qaydalarına uyğun olaraq 2011-ci ilin yanvar ayında təşkilata üzvlüklə bağlı müraciət edib. 16 mart 2011-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-Yorkda keçirilən Əlaqələndirmə Bürosunun iclasında ölkəmizin üzvlüyü ilə bağlı ilkin müzakirələr aparılıb. Respublikamız Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına davamlı töhfələr verir. İndiyədək ölkəmizdə Hərəkatın ayrı-ayrı tədbirləri yüksək səviyyədə təşkil olunub. Məlumdur ki, Qoşulmama Hərəkatının üzvlərinin böyük qismi inkişaf etməkdə olan dövlətlərdir. Azərbaycan QH ilə münasibətlərdə bu amili nəzərə alır və ehtiyac yarandığı təqdirdə humanitar aksiyalarda fəal iştirak edir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi.2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə uğurla ev sahibliyi etdiyi tədbirdə Prezident İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını bəyan etmişdi. Sədrliyi dövründə ölkəmiz Hərəkat üzvlərinin ədalətli mövqeyini beynəlxalq müstəvidə müdafiə etmək üçün öz səylərini əsirgəmədi.Məhz həmin sammitdə dövlətimizin başçısı qeyd etmişdi ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək. Həmişə olduğu kimi, bu məsələdə də Prezident İlham Əliyevin dediyi ilə etdikləri üst-üstə düşdü. Hərəkata sədrliyimiz dövründə bu istiqamətlərdə ciddi addımlar atıldı. 2019-cu ildə keçirilən Bakı sammitində dövlətimizin başçısı ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqətin ayrılmalı olduğunu da bildirmişdi.2021-ci ildə Prezident İlham Əliyev Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda çıxışı zamanı Hərəkata üzv dövlətlərin artıq təsisatlanma ideyası üzərində düşünmələrinin vacibliyini qeyd etmişdi. Bu istiqamətdə də Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi səmərəli addımlar ataraq önəmli nəticələr qazandı. Sədrliyimiz dövründə Hərəkatın parlament və gənclər şəbəkələri yaradıldı. 2022-ci ildə Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis olundu və onun daimi katibliyi Bakıda yerləşəcək. Təşkilatın yaradılması kimi mötəbər uğurdan əlavə, Şuşa şəhərinin adı da artıq Qoşulmama Hərəkatının tarixinə düşdü.2021-ci ildə Prezident İlham Əliyev Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Serbiyada postpandemiya dövrünün müzakirə edilməsi məqsədilə Hərəkata üzv ölkələrin yüksəksəviyyəli görüşünün keçirilməsi təklifi ilə çıxış etdi.Bu il martın 2-də ölkəmizdə Qoşulmama Hərəkatının COVID-19-a cavab üzrə Təmas Qrupunun növbəti sammiti uğurla keçirildi. Burada mövzu artıq pandemiyadan sonrakı dünya idi. Beynəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, ədalətin bərqərar olmasının vacibliyi, Şərq-Qərb ziddiyyətlərinin artdığı, “soyuq müharibə” mentalitetinin hökm sürdüyü yeni dünya nizamında Qoşulmama Hərəkatı ölkələrinin yerinin və gələcək siyasətlərinin müəyyənləşdirilməsi əsas müzakirə predmetləri oldu.Qoşulmama Hərəkatı Azərbaycana dəstəyini 44 günlük Vətən müharibəsi dövründə də davam etdirib. Qurum Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən xüsusi sənəd qəbul edib. Baş vermiş konkret bir hadisəni xatırlayaq. Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının üzvü olan ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürmək məcburiyyətində qalıblar. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button