
Bildiyimiz kimi, hər il 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü olaraq qeyd edilir. Tarixə nəzər salsaq, xalqımızın qədim yazı mədəniyyəti qədimdən mövcud olmuşdur. İlk yazıı nümunələrimiz Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdən başlamış, Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunmuş, albanların isə, 52 hərfdən ibarət əlifbası vardı. Ölkəmizdə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş yayılaraq, uzun müddət istifadə olunmuşdu. Sovet dönəmində bir zamanlar latın qrafikasından istifadə olunsa da, sonradan kiril əlifbasına keçilmişdir. Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1978-ci il aprelin 2-də Heydər Əliyevin təkidi ilə yeni konstitusiyaya dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirən maddə əlavə olundu. Bu addım mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.
Müstəqillik əldə etdikdən sonra, ölkəmizdə dilimizin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması prosesi başladı. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 2001-ci il avqustun 1-də isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Belə ki kiril qrafikalı əlifbanın tətbiqi dayandırılmış və həmin gündən Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmağa başlanılmışdır.
Ulu Öndərin yolunu davam etdirərək Prezident İlham Əliyev keçirdiyi islahatlar nəticəsində 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2018-ci ildə isə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamlar vermişdir. Bu sərəncamlar kütləvi nəşrlərin latın qarafikasına keçirilməsi prosesini sürətləndirmiş və milli kitabxana fondunu zənginləşdirərək Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biri olmuşdur.
Bir vətəndaş olaraq, hər birimiz üçün Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri vəzifəsidir!
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi