“2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd düşmən tapdağından xilas edildi. Rayon işğaldan azad edildikdən sonra 72 ümumtəhsil məktəbinin, 8 xəstəxananın, 132 tarixi abidənin, 150 mədəniyyət ocağının, 100-ə yaxın kəndin, həmçinin türbələrin, məqbərələrin, məscidlərin erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılması faktları bir daha dünyaya bəlli oldu. Aydınlaşdı ki, işğal nəticəsində ermənilər Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurub. Cəbrayıl rayonundan olan insanların hüquqları pozulub və 27 il davamlı qaçqınlıq həyatı yaşamağa, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur qalıblar”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
“Cəbrayıl əməliyyatının əhəmiyyəti ondan ibarət idi ki, bu rayon azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücum mümkün oldu. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Hətta, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bütün bunlarla yanaşı Cəbrayıl əməliyyatı ilə Xudafərin körpüsü düşməndən azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması xalqımız üçün qürur, fəxarətdir, böyük tarixi və siyasi əhəmiyyət daşıyırdı”, – deyə Ramil Vəlibəyov qeyd edib.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, dörd il öncə işğaldan azad olunmuş Cəbrayılda keyfiyyətcə yeni dövr başlayıb: “İşğaldan azad olunan Cəbrayıl rayonunda son dörd il ərzində aparılan bərpa və abadlıq-quruculuq işləri nəticəsində “Araz Vadisi İqtisadi Zonası”nın yaradılıb, rayonunun elektrik təchizatı təmin edilib, Cəbrayıla 4-6 zolaqlı yol çəkilir ki, bununla da vətəndaşlar rahat şəkildə buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Eləcə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə – 117 nəfər köçürülüb”.