
Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur.Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir.
Türk dünyasında ümummilli lider Heydər Əliyev Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı. Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.
Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlığını və dözümlüyünü qoruyub saxlamış, tarixin amansız və sərt sınaqlarından üzüağ çıxmış, zaman-zaman cilalanaraq saflaşmışdır. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu.
Ulu Öndər ana dili ilə bağlı çoxsaylı fikirlərində dilin azərbaycançılıqda birbaşa bağlılığı məsələsini də önə çəkmiş, xüsusi olaraq vurğulamışdır:”Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”.
Azərbaycan dili xalqımızın dözümlüyünü, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə yaşadan, əsrlərdən əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır.
Ana dili hər bir xalqın, millətin varlığı, özünütəsdiqi deməkdir, onu ən böyük milli sərvətidir. Bəşər tarixi qədər qədim keçmişi olan dil bir çox xalqlarda, o cümlədən azərbaycanlılarda ana kəlməsi ilə qoşa işlənir ki, bu da dilin insan üçün nə qədər qiymətli və əziz bir nemət olduğunu açıq- aşkar şəkildə göstərir.
Aygün Manıyeva,
Xəzər rayonu, 156 №li tam orta məktəbin psixoloqu