AnalitikaGündəmSiyasət

Dil körpüsü və strateji tərəfdaşlıq

Azərbaycan-Serbiya münasibətlərində humanitar kapitalın rolu nədir?
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin dərinliyi artıq yalnız siyasi bəyanatlar və iqtisadi müqavilələrlə ölçülmür. Strateji tərəfdaşlığın dayanıqlılığı humanitar müstəvidə – təhsil, mədəniyyət və dil siyasəti sahəsində qurulan mexanizmlərlə də müəyyən olunur. Bu baxımdan, Azərbaycan ilə Serbiya arasında münasibətlər daha da inkişaf edərək şaxələnir: əməkdaşlıq siyasi və enerji platformasından humanitar diplomatiya mərhələsinə uğurla keçid alır. Bu inkişaf xəttinin ideya əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən balanslaşdırılmış və çoxtərəfli xarici siyasətə dayanır; cənab prezident İlham Əliyev isə bu strateji xətti müasir geosiyasi reallıqlara uyğun şəkildə davam etdirərək Azərbaycan–Serbiya münasibətlərinin siyasi, iqtisadi və humanitar müstəvilərdə ardıcıl inkişafını təmin edir.
Azərbaycan-Serbiya münasibətləri son illər ərzində qarşılıqlı etimad və hörmət əsasında inkişaf edib. Enerji sahəsində əməkdaşlıq, parlamentlərarası əlaqələr və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək bu münasibətlərin siyasi bazasını möhkəmləndirib. Lakin strateji tərəfdaşlığın davamlı olması üçün töhfə verəcək əsas istiqamətlərdən biri intellektual və mədəni yaxınlaşmadır. Burada isə dil və mədəniyyət amili ön plana çıxır.
Dil diplomatiyası “yumşaq güc” mexanizmini formalaşdırır. Dil yalnız kommunikasiya vasitəsi deyil; o, mədəni təsir aləti, diskurs formalaşdırma mexanizmi və beynəlxalq müstəvidə imicin gücləndirilməsinin əsas komponentidir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin təsir imkanları iqtisadi və hərbi resurslarla yanaşı, mədəniyyət və dilin imkanları vasitəsilə formalaşan nüfuzla da müəyyən olunur. Bu baxımdan, Azərbaycan və serb dillərinin qarşılıqlı öyrənilməsi və tədrisi iki ölkə arasında ekspert və analitik mühitin formalaşmasına, diplomatik kadrların hazırlanmasına, iqtisadi əlaqələrin səmərəliliyinin artmasına, mədəni inteqrasiyanın dərinləşməsinə real töhfə verə bilər. Bu mənada dil artıq akademik çərçivədən çıxaraq strateji instrumentə çevrilir. Humanitar diplomatiya məhz bu nöqtədə dövlət siyasətinin davamlı komponentinə çevrilir.
Azərbaycan və Serbiya arasında münasibətlər qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan mövqe üzərində qurulub. Hər iki ölkə ərazi bütövlüyü prinsipinə, beynəlxalq hüquq normalarına hörmətlə yanaşır və bu ortaq mövqe beynəlxalq arenada ölkələrin siyasi nüfuzunu daha da gücləndirir. Dövlətlərarası münasibətlərin dərinləşməsi üçün humanitar və akademik platformalar da zəruridir. Bu platformalar gələcək nəsillərin qarşılıqlı anlaşma mühitində yetişməsinə şərait yaradır.
Ölkələr arasında universitetlərarası əməkdaşlıq da strateji dayaqdır. Universitetlərarası əlaqələr siyasi gündəmdən asılı olmayan sabit əməkdaşlıq mexanizmi yaradır. Tələbə və müəllim mübadiləsi, birgə konfranslar, ortaq elmi layihələr və ikidilli sertifikat proqramları tərəfdaşlığı strukturlaşdırır. Xüsusilə regional tədqiqatlar, beynəlxalq münasibətlər və enerji siyasəti üzrə birgə magistr proqramları Azərbaycan-Serbiya münasibətlərinə akademik məzmun qazandıra bilər. Bu, yalnız dil öyrənilməsi deyil, qarşı tərəfin siyasi və mədəni kontekstinin sistemli şəkildə mənimsənilməsi deməkdir.
Bakı Slavyan Universiteti bu prosesdə böyük potensiala malik universitet olaraq xüsusi əhəmiyyət daşıyır. Universitet uzun illərdir slavyan dillərinin tədrisi sahəsində formalaşdırdığı təcrübə ilə seçilir və eyni zamanda, Azərbaycan dilinin xarici dil kimi sistemli şəkildə öyrədilməsi üzrə praktik modelə malikdir.
Bakı Slavyan Universitetinin üstünlüyü iki istiqamətin paralel inkişafıdır. Birincisi, slavyan dillərinin linqvokulturoloji kontekstdə tədrisi və ikincisi, Azərbaycan dilinin mərhələli və kommunikativ metodika ilə xarici auditoriyaya təqdim edilməsidir. Belə ki, bu model Azərbaycan və serb dillərinin öyrədilməsi istiqamətində genişləndirilə bilər. Gələcək təşəbbüslər çərçivəsində serb dili üzrə seçmə kursların açılması, “Serblər üçün Azərbaycan dili” dərsliyinin hazırlanması, Serbiya universitetləri ilə birgə yay məktəblərinin təşkili, Azərbaycan və serb dillərinin terminoloji bazasının yaradılması, diplomatik və dövlət qulluqçuları üçün intensiv dil proqramlarının tətbiqi mümkün və real addımlar kimi görünür.
Bu təşəbbüslər BSU-nu regional humanitar əməkdaşlıq platformasına çevirə bilər.
Dil mübadiləsi yalnız akademik bilik ötürülməsi deyil; o, mədəni kapital formalaşdırır. Tərcümə layihələri, ədəbiyyat mübadiləsi, kino və teatr sahəsində əməkdaşlıq qarşılıqlı münasibətlərin genişlənməsinə xidmət edir. Azərbaycan və serb ədəbiyyatının qarşılıqlı tərcüməsi, media diskursunun genişləndirilməsi və mədəni layihələrin həyata keçirilməsi humanitar diplomatiyanın praktiki nəticələridir. Bu, həm də iqtisadi və siyasi əməkdaşlığın sosial bazasını gücləndirir.
Strateji baxımdan aşağıdakı təşəbbüslər prioritet ola bilər:
Azərbaycan-Serbiya birgə dil və mədəniyyət mərkəzinin yaradılması;
İkidilli yay məktəbi proqramı;
Regional tədqiqatlar üzrə ortaq magistr proqramı;
Diplomatik kadrlar üçün intensiv dil kursları;
Qarşılıqlı sistemli tərcümə proqramı.
Bu təşəbbüslər humanitar əməkdaşlığı sistemli əməkdaşlıq səviyyəsinə qaldıraraq davamlı mexanizm yaradar.
Beləliklə, Azərbaycan və serb dilləri yalnız kommunikativ vasitə kimi deyil, həm də strateji humanitar kapital kimi də formalaşır. Bu dillərin qarşılıqlı tədrisi və yayılması iki ölkə arasında iqtisadi, siyasi və mədəni əməkdaşlığın institusional dərinləşməsinə real təsir göstərir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin mühüm istiqamətlərindən biri olan strateji tərəfdaşlıq davamlı olaraq formalaşır, onun dayanıqlılığı isə ali təhsil məkanında və mədəni platformalarda möhkəmlənir. Azərbaycan-Serbiya modeli Balkan–Qafqaz xəttində yeni humanitar körpü yarada bilər. Bu körpünün sütunlarından biri isə dil siyasəti və akademik əməkdaşlıqdır.

f.f.d. Günel Rəhman qızı Şamilova,
Bakı Slavyan Universitetinin baş müəllimi

Oxşar Xəbərlər

Back to top button