Dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin balansına xidmət edir
Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edən Prezident İlham Əliyevin sözlərinə nəzər yetirək. Prezident İlham Əliyev öz sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə zamanı çıxışında demişdir ki, müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır ki, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır. Hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı vurğulamışdır ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var.
BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxışında isə uğurla başlayan bu siyasi dialoqun bizim siyasi sistemimizi gücləndirəcəyini və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəyini dilə gətirmişdir.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışında qeyd etmişdir ki, biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır və təqdirəlayiqdir.
Ölkə prezidenti ölkəmizdə dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasətinin ilk mərhələsi hesab olunan ötən iki ili xarakterizə edən əsas xüsusiyyətlər barədə də əhəmiyyətli fikirlər söyləmişdir. O vurğulamışdır ki, ötən iki il “siyasi dialoq” məfhumunun aktuallaşdırılması, siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi, siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi, qərəzli mövqelərdən çıxış edən tərəflər üçün ötən müddət səhvləri etiraf etmək və siyasi fəaliyyətini yeni təmiz səhifədən başlamaq şansını bəxş edən dövr idi.
Ötən dövr siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək və müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunması, siyasi sistemin sağlamlaşdırılması ,sistemli islahatlara hazırlıq, habelə siyasi sistemin güclü və zəif tərəflərinin müəyyən olunması , regionda formalaşan yeni reallığa adaptasiya, “siyasi dialoq” məfhumunun demokratik siyasi mədəniyyətin ayrılmaz göstəricisinə çevrilməsi, siyasətdə xalqın və xarici qüvvələrin dostlarını bir-birindən ayırd etmək dövrü idi.
Prezident İlham Əliyev açıq və demokratik rəqabətə çağırış məqsədilə də bir sıra fikirlər səsləndirmişdir. O söyləmişdir ki, “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər.
Dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin balansına xidmət edir. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır. Dialoq prosesi keyfiyyət etibarı ilə artıq yeni və fərqli müstəvidə inkişaf edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiyaya uğrayıb. Belə ki, qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni qanun “dialoq” məfhumunu siyasi aktorlar arasındakı münasibətlərin legitimliyini şərtləndirən əsas amillərdən birinə çevirib. Odur ki, sağlam dialoqu inkar edən qüvvələr siyasi münasibətlərdə irrasional tərəf kimi çıxış edir.
Ölkəmizdə təşviq olunan dialoq siyasətinin məzmunu dialoqu sadəcə siyasi dəyər kimi təşviq olunması formatından, dialoqu siyasətdə demokratik münasibətləri şərtləndirən işlək mexanizm kimi qəbul etdirmək formatına qədər transformasiyaya uğrayıb. Siyasi sabitliyin qorunması və siyasi sistemin dayanıqlı inkişafı üçün təhdid yaradan önəmli amil. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaratmışdır. İnkişafında durğunluq dövrünü yaşayan siyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür. Zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Odur ki, yeni Qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına xidmət edir.
Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir. “Siyasi dialoq” artıq sadəcə demokratik məzmunlu atributiv xarakterli bir məfhum kimi yox, siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunur.
Muradova Nərgiz,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi