Daxili sabitliyin təminatı güclü Azərbaycan-Tacikistan əlaqələrinin təməlidir
Prezident İlham Əliyevin aprelin 5-də Tacikistan Respublikasına dövlət səfəri iki dövlət arasında münasibətləri daha da sıx əlaqədə birləşdirməyə xidmət edir. Azərbaycan-Tacikistan münasibətlərinin inkişafı məhz 1990-cı illərin əvvəllərinə təsadüf edir. Hər iki dövlətin çətin tarixi siyasi prosesdən keçməsi də münasibətlərin sıx əlaqəyə çevrilməsinə səbəb olmuşdur. Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı da məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. Həmin dövrdə ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu. Təəssüf hissi ilə qeyd etməliyik ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Bu hal mövcud vəziyyəti daha da pisləşdirirdi. Tarixi zamanın ən dəhşətli müharibəsi qardaş qırğınıdır. Həmin vaxtda Tacikistan prezidenti İmaməli Rəhman da, Ulu Öndər Heydər Əliyev kimi ölkəsinin qanlı səhifəsini çevirmək üçün çalışırdı. Ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün mümkün olan hər şeyi edərkən bunu bacardılar.
Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlamalıdır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik ölkənin inkişafını, investisiyaların cəlb edilməsini, tərəqqini, insanların rahatlığını təmin edən əsas amildir. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız səbəbsiz deyildir. Asanlıqlıqla əldə edilməyən bu uğurun arxasında məhz xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər. Artıq bizlər daha güclü dövlətin əsasları üçün çalışmaqdayıq. Bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlərimiz mövcuddur. Bu istiqamətdə nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Ona görə ki, Tacikistan bizə yaxın və sabitlik hökm sürən ölkədir. Azərbaycan və Tacikistan üçün xüsusi önəm daşıyan bu səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Nəticədə hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcək.
Tacikistan Respublikası ilə mədəniyyət sahəsindəki münasibətlərimiz xalqlarımızın dostluq və qardaşlıq əlaqələrinə söykənir. Bu mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməlinin mövcudluğunu göstərir. Xalqlarımız əsrlər boyu həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Qarşılıq şəkildə hər iki dövlətin tələbələri təhsil imkanlarından yararlana bilir.Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Tacik tələbələrin sayının artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub. Azərbaycanlı tələbələr də böyük sevinc və istəklə Tacikistanda təhsil ala bilərlər.
Qarşılıqlı dövlət əlaqələrinin inkişafı istiqamətində bir çox sənədlər imzalanmışdır. İrəli sürülən bu addımlar iki dövlətin hərtərəfli münasibətlərini daha yüksək qiymətləndirməyə əsas verir.
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi