
İfrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti tarix boyu regionda gərginlik, nifrət və münaqişələrə səbəb olmuşdur. XIX əsrin sonlarında yaranan bu təşkilat öz ideologiyasını etnik üstünlük və aqressiv millətçilik üzərində quraraq, qonşu xalqlara qarşı düşmənçilik toxumları səpmişdir. Daşnaksutyun hərəkatı əvvəlcə siyasi təşkilat kimi fəaliyyət göstərsə də, sonradan terror və silahlı hücumları əsas mübarizə vasitəsinə çevirmiş, dinc əhaliyə qarşı qətliamlar törətmişdir.
Daşnaksutyun partiyasının ifrat millətçi ideologiyası ermənilərin “böyük Ermənistan” xülyası üzərində formalaşmışdır. Bu siyasət qonşu xalqların torpaqlarına iddialar, onların tarixi və mədəni irsinə qarşı düşmənçiliklə müşayiət olunmuşdur. Partiyanın rəhbərləri öz məqsədlərinə çatmaq üçün beynəlxalq güclərin dəstəyindən faydalanmağa çalışmış, müxtəlif dövrlərdə imperiyalar və böyük dövlətlərin maraqlarına xidmət edərək, bölgədə sabitliyi pozmuşlar.
XX əsrin əvvəllərindən başlayaraq Daşnaksutyun təşkilatı silahlı dəstələr vasitəsilə Azərbaycanda, Anadoluda və digər bölgələrdə dinc əhaliyə qarşı qanlı qırğınlar həyata keçirmişdir. Bu siyasət nəticəsində minlərlə günahsız insan qətlə yetirilmiş, şəhər və kəndlər dağıdılmışdır. Qanlı cinayətlər onların ifrat millətçiliyə əsaslanan düşmənçilik siyasətinin mahiyyətini açıq şəkildə üzə çıxarır.
Müasir dövrdə də Daşnaksutyunun ideoloji xətti müəyyən siyasi dairələr tərəfindən davam etdirilməkdədir. Ermənistanda və onun diaspor təşkilatlarında bu ideologiya hələ də mövcuddur və regionda sülhün, əməkdaşlığın qarşısında ciddi maneələr yaradır. İfrat millətçilik üzərində qurulmuş bu siyasət nəinki Azərbaycan və Türkiyəyə, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinə təhdid olmuşdur.
Tarix sübut edir ki, Daşnaksutyunun ifrat millətçiliyə əsaslanan siyasəti xalqlar arasında nifrəti körükləyərək, barış və qarşılıqlı hörmət prinsiplərinə zidd fəaliyyət göstərmişdir. Bu siyasətin nəticələri isə yalnız dağıntı, qan və insan faciələri olmuşdur. Ona görə də regionda davamlı sülhün təmin olunması üçün belə radikal ideologiyaların iflası və onlardan imtina edilməsi vacib şərtdir.
YAP Xəzər rayon təşkilatının gənc fəalı
Səkinə Həsənova