Analitika

Çoxəsrlik qardaşlıq münasibətləri

Artıq bir neçə ildir ki, Azərbaycan Respublikasının Mərkəzi Asiya ölkələri ,o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrin birgə əməkdaşlığını, birlikdə hərəkət etmələrini və ümumi səy göstərmələrini zəruri edir. Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illər ərzində Mərkəzi Asiya ,habel regionun türkdilli ölkələrinə ardıcıl səfərlər etmişdir. Eyni zamanda həmin dövlətlərin başçıları da ölkəmizdə işgüzar səfərlərdə olmuşlar. Son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz dəfə səfər etmiş və ortaq mədəni kökləri olan xalqlarımızın dövlətlərarası əlqələrinin də möhkəmləndirilməsi yolunda lazımi addımlar atmış, sənədlər imzalamışdır.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Elə bu baxımdan da cari ildə İlham Əliyev qardaş Tacikistana iki dəfə səfər etmişdir.Cari ilin aprel ayında baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq edir. Sentyabrın 14-də Cənab İlham Əliyev yenidən Tacikistana səfər etdi və Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edərək çıxış etdi.Prezident çıxışında əvvəlcə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün işində fəxri qonaq kimi iştirak etmək məqsədilə dəvətə görə Tacikistan Prezidenti hörmətli Emoməli Şaripoviç Rəhmona təşəkkür etdi. Eyni zamanda, bu tədbirdə Azərbaycanın iştirakına verdikləri dəstəyə görə hörmətli həmkarlarına minnətdarlığını bildirdi. Cənab Prezident bildirdi ki, mən bu il qardaş Tacikistana ikinci dəfədir ki, səfər edirəm. Əminəm ki, səfər əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Otuz ildən artıqdır ki ,biz müstəqil dövlətlər kimi ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qrşılıqlı fəaliiyət aparırıq, bir-birimizin müsəqilliyini,suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal çəkildə inkişaf etdiririk.

Mərkəzi Asiya və Azərbaycanın artan iqtisadiyyatı, demoqrafiyası, geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Eyni zamanda Ilham Əliyev qeyd etdi ki, Məşvərət Şurasının işində ilk dəfədir iştirak edir və əminliyini bildirir ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq. İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük.

Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır. Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-TbilisiQars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq. Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır.

Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir. Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın yaradılmasının 25 ili tamam olur. Dövlət başçılarına rəsmi dəvətlər göndərilib və bu ilin noyabrında Bakıda Sammitdə görüş təkil olunacaq. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycanın Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir. 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub. Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb.Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilib. Yekun olaraq qeyd etmək lazımdır ki, yuxarıda sadalanan müxtəlif sahələrdəki əməkdaşlıq gələcəkdə qlobal siyasi və iqtisadi proseslərə mühüm töhfələr verəcək.Bu isə regional sabitlik və beynəlxalq sabitlik, təhlükəsizlik və əməkdaşlıq müstəvisində mühüm əhəmiyyət kəsb edir. Biz inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində xalqlarımızın çoxəsirlik dostluq və qardaşlıq münasibətləri daha qırılmaz zəncirlə bağlanacaq və türk xalqları öz birlik və qardaşlıq əlaqələri ilə bütün dünyada öz sözünü deyəcək.

Musayeva Azadə,
Xəzər rayonu, 149 № li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button