COP29 zamanı Azərbaycan dünyanın mərkəzi olacaqdır

Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmişdir. İştirak zamanı “Euronews” telekanalına müsahibə verən prezident İlham Əliyev COP29-a ev sahibliyi edən Azərbaycanda ilk növbədə bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağını vurğulamışdır. Azərbaycan 2011-ci ildən üzv olduğu Qoşulmama hərəkatına 4 il sədrlik etdi. Bu ölkəmizə böyük təcrübə qazandırdı. Hərəkata üzv olan 120 ölkə ilə böyük tərəqqi əldə edildi. Eyni zamanda Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir. Bütün bunları prezident İlham Əliyev konfrans zamanı da bəyan etmişdir.
Azərbaycanda tədbir zamanı dünya əhəmiyyətli məsələlər müzakirə olunacaq. Prezident İlham Əliyev bildirmişdir ki, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar. O cümlədən, Prezident İlham Əliyev ölkələrin malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamaları, onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalı fikrini irəli sürmüşdür.
İlham Əliyev bildirmişdir ki, “COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.”
Bildiyimiz kimi, 2024-cü il Prezidentin Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Məhz müsahibəsində də cənab prezident bu kontekstdən çıxış edərək bildirmişdir ki, əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq.
COP üçün yenilik olan bir təşəbbüs də Azərbaycan tərəfindən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Bunları söyləməklə prezident İlham Əliyev qarşılıqlı səylər, həmrəylik göstərməyin vacibliyini bir daha qeyd etmişdir. O demişdir ki, ölkələr bir-birini günahlandırmağı dayandırmalıdır. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər.
Qeyd edək ki, Azərbaycanın COP29-a ev sahibliyi etməyi Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlükdən sonra xarici siyasətimizin ən böyük uğurudur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizə səfər edəcəkdir.
Aynur Səfərova,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin tarix müəllimi