Paytaxt Bakı yenidən dünyanın diqqət mərkəzindədir. Qlobal iqtisadi layihələrin reallaşdığı, Avropanın enerji xəritəsinin cızıldığı Azərbaycanda bu dəfə dünya liderləri iqlim fəlakətlərindən xilas yollarını axtarırlar. İlk növbədə onu qeyd edək ki, dünyanın ən mötəbər tədbiri olan COP29-un məhz Bakıda keçirilməsi haqqında qərarın verilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.
Mötəbər konfranslara ev sahibliyi etmək kimi böyük təcrübəsi olan Azərbaycanda bu dəfə dünya liderləri qlobal iqlim böhranının həlli yollarını axtarırlar. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq. Prezident İlham Əliyev sammitin açılışındakı çıxışı ilə həm COP29-un qarşısına qoyduğu hədəflərə, qlobal iqlim problemi və onun həlli yollarına aydınlıq gətirdi, nəcib beynəlxalq təşəbbüslərə bəzi ölkələrin qısqanc, qərəzli münasibətlərini ifşa etdi. Həqiqətən də qlobal iqlim böhranının yaranmasının başlıca baiskarları olan dövlətlər problemin həlli istiqamətində nəinki real addımlar atmırlar, irəli sürülən təşəbbüsləri, layihələri gözdən salmaq, boykot etmək yolunu tutublar. Bədxah qüvvələrin gözlədiyinin əksinə olaraq, dünya Bakıya toplandı, 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçı boykot tərəfdarlarını məyus etdi.
Azərbaycan Prezidenti məzmunlu çıxışında ölkələrə verilən meyarlara da toxundu. Dövlət başçısı nitqində Azərbaycanın bir çox iqtisadi parametrlərə görə yüksək nəticələrə malik olduğunu bildirərək xüsusi qeyd etdi ki, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməməlidir. Təbii sərvətlərin insanlara lazım olduğunu vurğulayan cənab İlham Əliyev çıxışında bəyan etdi ki, COP29-un sədri kimi Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq.
İslam Bafadarov,
YAP-ın gənc fəalı