Dünyanın inkişaf etmiş ölkələri sırasında olan Azərbaycan son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara yüksək səviyyədə ev sahibliyi edir və dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı mövqeyini daha da gücləndirir. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf modelinə malik olan Azərbaycan müasir dünyanın çağırışlarına cavab verən və daim narahatçılıq yaradan məsələlərlə bağlı tədbirlərin təşkil edilməsinə önəm verir. Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə ölkəmizin ev sahibliyi etməsi növbəti uğurumuzdur. Bu, dövlətimizin Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzvlüyündən sonra xarici siyasətinin ən böyük uğuru kimi səciyyələnir. Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək təcrübəsindən qaynaqlanaraq, Azərbaycan COP29-un təşkili baxımından üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Planetimizi narahat edən iqlim dəyişikliyi ilə bağlı məsələlər, məhz Bakıda müzakirə olunaraq həlli yolları axtarılır. Azərbaycanda COP29-a yüksək səviyyədə keçirilməsi onun yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir. Qafqazda ilk dəfə ölkəmizdə keçirilən COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemləri müzakirə olunub. Noyabrın 13-də COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə “Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi” qəbul olunub. Əlbəttə ki, bu Bəyannamənin qəbul edilməsi COP29-a Azərbaycanın Sədrliyinin növbəti uğurudur. Xüsusi olaraq qeyd edək ki, Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirinə məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə əməkdaşlığı genişlənib. Prezident İlham Əliyevin COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə sarsılmaz dəstəyini göstərir: “Biz məhz fəlakətdən əziyyət çəkən bir sıra ölkələrə, qasırğalardan, zəlzələlərdən və daşqınlardan əziyyət çəkən ölkələrə yardım göstərmişik”. Qeyd edək ki, Azərbaycan ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım məqsədi ilə humanist addımlar atmışdır. Hətta kiçik ada ölkələri Azərbaycanın təqaüd proqramlarından yararlanıb. “Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”, – deyə dövlətimizin başçısı çıxışında bildirib. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı da 80-dən artıq ölkəyə, o cümlədən, 20 kiçik ada ölkəsinə yardım göstərib.
Xatırladaq ki, qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətlərə yardımlar etdi. Belə ki, Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərinin göstəricisidir. Vaxtı ilə maliyyə yardımı alan Azərbaycan artıq fəal donor ölkəyə çevrilib. 2019-cu ildə keçirilən Bakı Sammitində Azərbaycan Prezidenti ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqətin ayrılmasını diqqətə çəkmişdir. Azərbaycan inkişaf edən kiçik ada dövlətləri və Afrika ölkələrinin pandemiyadan sonra daha yaxşı bərpası üçün Qlobal Çağırışlar elan etdi. Bütün bunlar bir daha göstərir ki, ölkəmiz kiçik ada dövlətlərinə birmənalı dəstəyini ardıcıl olaraq nümayiş etdirir. Azərbaycan Prezidenti çıxışı zamanı fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərdiyini də qeyd edib.
Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı, bir daha təsdiqlədi ki, COP29-un sədri kimi Azərbaycan onları dəstəkləyəcəkdir.
Əlbəttə ki, Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərin önündə olmasının təzahürüdür. İqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən olan COP29 dünya ictimaiyyətinin nəzərini Azərbaycanda cəmləşdirib. Konfransda müzakirə edilən məsələlər və qəbul edilən qərarlar təmiz ətraf mühit və yaşıl artımın təmin edilməsi istiqamətində öz töhfəsini verəcəkdir.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri