
Çin Xalq Respublikası son 20 ildə iqtisadi sahədə əldə etdiyi uğurlarına görə dünyanın diqqətini özünə cəlb etməkdədir. Aparılan uğurlu xarici və daxili siyasətin nəticəsində davamlı inkişafa nail olunub. Dərin keçmişə və çoxəsrlik tarixə malik olan Çində bütün sahələrdə özünəməxsus adət-ənənələr formalaşıb. Çin xalqı tarixdə çox çətinliklə üzləşib və sərt sınaqlardan keçib. Demək olar ki, sürətli inkişafın əsas səbəblərindən biri də Çin hökumətinin tarixdə üzləşdiyi çətinliklərdən düzgün nəticə çıxarmasıdır. Hazırda Çin dövlətinin idarəçilik üsulu-idarəsinin və iqtisadi quruluşunun dünyada bənzəri yoxdur. Çinlilər bunu spesifik xüsusiyyətləri olan idarəçilik forması adlandırır.
Çinin xarici siyasətinin əsasını başqa ölkələrin daxili işinə qarışmamaq və iqtisadi əlaqələri ikitərəfli qarşılıqlı, faydalı əməkdaşlıq çərçivəsində inkişaf etdirmək təşkil edir. Belə xarici siyasət fəlsəfəsi dünyada təhlükəsizliyin təminində mövcud olan problemlərin fonunda ən doğru olanıdır. Çin iqtisadiyyatı inkişaf etdikcə beynəlxalq aləmdə onun rolu artır və dünya dövlətləri, xüsusilə də inkişaf etməkdə olan ölkələr onunla əməkdaşlığa can atır. Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu çox vacib rol oynayıb.
Azərbaycan mühüm neft-qaz hasilatçısı və ixracatçısı olmaqla yanaşı, həm də bərpaolunan enerji mənbələri üzrə də yüksək potensiala malik ölkələrdəndir. Ölkəmizdə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsindən ibarətdir. Son vaxtlar bu istiqamətdə xeyli iş görülüb və reallaşdırılan layihələrin dairəsi getdikcə genişləndirilir. Azərbaycanın bu sahədə əsas investorları Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından “ACWA Power” şirkətləridir. Lakin bu təşəbbüsə digər ölkələrdən olan şirkətlər – BP, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 28 qiqavatdan çox layihələrə dair əməkdaşlıq sənədləri imzalanıb. “ACWA Power” şirkətinin yaşıl enerji ilə bağlı Azərbaycanda qurduğu stansiyanın texniki təminatının Çin şirkətləri tərəfindən həyata keçirilməsi Azərbaycan-Çin əməkdaşlığının yeni müstəvilərdə də genişlənməsinə yol açır.
Beləliklə, Azərbaycanınla Çin arasında münasibətlər bu gün “Bir kəmər, bir yol” layihəsi və ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahə və istiqamətlərdə də sürətlə inkişaf edir. Bu cür çoxsahəli əməkdaşlıq kontekstində Azərbaycan-Çin əlaqələri yeni mərhələyə keçir. Bu mərhələ üçün ticari-iqtisadi və tranzit-logistika yönümlü layihələrin reallaşdırılması ilə yanaşı, eyni zamanda, həm də elm, texnika, texnologiya, İTK, rəqəmsallaşdırma, eləcə də mədəni-humanitar sahələrdə də fəaliyyətin genişlənməsi xarakterikdir. Bu baxımdan görünən odur ki, yaxın perspektivdə Azərbaycanınla Çin arasında ticari-iqtisadi və logistika sahəsindəki əlaqələrlə yanaşı, sözügedən sahə və istiqamətlərdə də səmərəli fəaliyyətlərin artırılması istiqamətində işlər getdikcə intensivləşəcək.
Rzayeva Xəyalə,
Xəzər rayonu, 122 nömrəli məktəbin əməkdaşı