AnalitikaGündəmSiyasət

Çin və Azərbaycan arasında yüksək səviyyəli dostluq və əməkdaşlıq mövcuddur

Azərbaycan tarixən Qərblə Şərq yolunun üstündə olub. Odur ki, dünyanın ən böyük iqtisadiyyata malik olan tərəfləri, Çinlə Avropa arasında əlaqənin qurulması kimi vacib layihədə başlıca rollardan birini oynayır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi-Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılır. Dövlət başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında vacib körpüyə çevrilib. Bir müddət əvvəl bəzi Qərb dairələri, xüsusilə Fransa Azərbaycanın qlobal proseslərdən təcrid edilməsi istiqamətində iş aparmağa çalışdılar, lakin bütün cəhdlər iflasa uğradı. Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edirlər.

Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri yaranıb. Son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir. Yüksək səviyyəli siyasi etimad mühiti yaranır, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur. Çin lideri Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olub. Təbrik məktubunda deyilir: “Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram”. İki ölkə lideri arasında indiyədək keçirilmiş səfərlər və görüşlər mühüm əhəmiyyət kəsb edir. 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Kəmər və Yol Forumu”nda iştirak edib. 15 sentyabr 2022-ci ildə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində dövlət başçıları görüşüb. Onu da qeyd etmək lazımdır ki, Astanada keçirilən ŞƏT-in növbəti zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən xəbər verir.

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də Çin COP29-un Azərbaycanda keçirilməsini alqışlayır və Azərbaycanın Konfransda sədrliyini dəstəkləyir. Azərbaycanla Çin turizm sahəsində əməkdaşlığı gücləndirməyə və turizmin ümumi inkişafına töhfə verməyə hazır olduqlarını bildirirlər. Çin Azərbaycanın illik Çin beynəlxalq turizm yarmarkasında və digər turizm sərgilərində iştirakını, habelə Azərbaycan tərəfinin turizmin inkişafı, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin tətbiq edilməsi barədə qərarını alqışlayır. Tərəflər bundan sonra da vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılmasına töhfə verəcəklər. Birgə Bəyannamə, həmçinin iqtisadi sahədə digər sənədlərin imzalanması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və çəkisinin daha da yüksəldiyini nümayiş etdirir. Bu, Prezident İlham Əliyevin prinsipini və Çinin Sincan-Uyğur Muxtar Rayonu, Tayvan və Honkonq ilə bağlı mövqeyini birmənalı olaraq dəstəkləyir. Azərbaycan Tayvanda keçirilmiş qondarma seçkiləri pisləyən və onları tanımadığını ilk bəyan edən ölkələrdən biri olub.

Azərbaycan-Çin dövlətlərarası münasibətlərində iqtisadi amil ön plandadır. Məlumdur ki, Çinin xarici siyasəti daha çox ölkənin iqtisadi maraqlarını qlobal miqyasda təmin etməyə yönəlib. 2013-cü ildə irəli sürülən məşhur “Bir kəmər, bir yol” təşəbbüsü də bu çərçivədə qiymətləndirilməlidir. Azərbaycan Çinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir və Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Azərbaycanın layihə verdiyi önəm 2017-ci ilin oktyabrında “Bakı-Tbilisi-Qars” dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə tamamlanır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. 2023-cü ilin 9 ayı ərzində Orta Dəhliz üzərindən yükdaşımaların həcmi 88% artaraq 2 milyon tona çatıb. 2022-ci ildə Azərbaycan üzərindən tranzit axını təxminən 75% artıb. Zəngəzur dəhlizinin açılmasından sonra bu tranzit həcminin ildə 5-8 milyon ton artması gözlənilir.

Çin Azərbaycanla əlaqələrə xüsusi maraq göstərən ən fəal dövlətlərdən biridir və onun ölkəmizə, Xəzər hövzəsinə marağı təbii qarşılanır. Çünki son illər ərzində sürətlə inkişaf edən Çin üçün xammal və enerji mənbələri xüsusi əhəmiyyət daşıyır. Zəngin karbohidrogen ehtiyatlarına malik olan, eyni zamanda, strateji nəqliyyat-tranzit qovşağına çevrilən Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi rəsmi Pekinin xüsusi maraq dairəsindədir.

Afaq Mustafayeva,
YAP Xəzər rayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Back to top button