Ceyhun Bayramov Avropa Komissiyasının nümayəndəsini qəbul edib
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunda Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktor Lourens Mereditin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İcxeberinfo.az “Report”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında müxtəlif sahələr, xüsusilə iqtisadi, enerji, investisiya, nəqliyyat və s. sahələrdə mövcud əməkdaşlıq gündəliyi, həmçinin regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov Aİ ilə əsas əməkdaşlıq istiqamətlərindən biri olan enerji təhlükəsizliyi sahəsindən bəhs edərək bu istiqamətdə Azərbaycan və Aİ arasında 18 iyul 2022-ci il tarixində Anlaşma Memorandumunun imzalanmasının Aİ-yə qaz ixracının artırılması ilə yanaşı, alternativ enerji mənbələrinin inkişafı məqsədilə əməkdaşlıq baxımından vacibliyini vurğulayıb.
Nəqliyyat dəhlizləri sahəsində səylərin artırılması istiqamətində fəaliyyətimizin nəticəsi kimi Azərbaycandan keçən yüklərin həcmində artımın müşahidə edilməsinin müsbət hal olduğu bildirilib. İnvestisiyaların təşviqinə əhəmiyyət verən ölkələrdən biri kimi Azərbaycanın xüsusilə “nou-hau” fəaliyyətində sərmaye qoyuluşunu təşviq etdiyi bildirilib. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə yatırımların edilməsi ilə bağlı Aİ-nin maraq göstərməsi məmnunluqla qeyd olunub.
C.Bayramov həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanın görülən işlərə hədə törədən təxribatları, habelə mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bu xüsusda, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməməsinin regionda sülh, təhlükəsizlik və inkişafa əsas təhdid olduğu diqqətə çatdırılıb.
Lourens Meredit 18 iyul 2022-ci il tarixində imzalanmış Anlaşma Memorandumunun Azərbaycan və Aİ arasında münasibətlərin inkişafında görülən işlərin nəticəsi kimi mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Orta Dəhlizin həyata keçirilməsində irəli sürdüyü təşəbbüs və göstərdiyi fəallığın Azərbaycanı nəqliyyat və tranzit sahəsində mühüm tərəfdaşlardan birinə çevirdiyi qeyd olunub.
Lourens Meredit həmçinin bölgələrdə iqtisadi inkişaf, orta və kiçik sahibkarlıq, alternativ enerji, nəqliyyat və rəqəmsal inkişaf sahələrinə sərmaye qoyuluşunun Aİ üçün prioritet olduğunu vurğulayıb. Bu xüsusda, Azərbaycanın sözügedən sahələrdə yenilik və innovasiyaları dəstəkləyən baxışının təqdirəlayiq olduğu bildirilib. Lourens Meredit ciddi hədə törədən mina təhlükəsinin aradan qaldırılması üçün əməkdaşlıq və həmrəyliyin vacibliyini qeyd edib.