AnalitikaGündəmSiyasət

Cənubi Qafqazda Sabitlik Arxitekturası: Bakı və Tbilisi Arasında Sülh və Tərəqqi İttifaqı

​Dünyanın geosiyasi mənzərəsinin kökündən dəyişdiyi, münaqişələrin və qeyri-müəyyənliyin qlobal miqyas aldığı bir dövrdə Cənubi Qafqaz regionu özünün yeni intibah dövrünü yaşayır. Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana reallaşdırdığı dövlət səfəri və bu səfər çərçivəsində verdiyi bəyanat sadəcə iki qonşu dövlətin növbəti görüşü deyil, Avrasiya məkanında yeni bir regional nizamın elanı idi.

​​Prezident İlham Əliyevin bəyanatının ilk və bəlkə də ən mühüm mesajı siyasi sabitlik faktoru idi. Dövlət başçısı vurğuladı ki, bütün iqtisadi uğurların, investisiya cəlbediciliyinin təməlində məhz daxili sabitlik dayanır. Gürcüstan xalqının və hökumətinin apardığı siyasəti yüksək qiymətləndirən Prezident, Azərbaycanın bu sabitliyin davamlı olmasında qonşu və dost kimi maraqlı olduğunu açıq şəkildə ifadə etdi. Əsrlər boyu dostluq şəraitində yaşayan xalqlarımız, bu gün bu irsi strateji müttəfiqlik səviyyəsinə qaldırıblar. Bəyanatın  strateji baxımdan ən mühüm yeniliyi regionda formalaşan “İqtisadi Sülh” konsepsiyası oldu. Prezident İlham Əliyev sülhün sadəcə imzalanmış sənədlərlə deyil, real iqtisadi bağlarla gücləndirilməsinin tərəfdarı kimi çıxış edərək tarixi bir faktı açıqladı:

​”Hazırda Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir.” Dövlət başçısının bu prosesdə oynadığı vasitəçi və logistik körpü roluna görə Gürcüstan hökumətinə xüsusi təşəkkür etməsi, rəsmi Tbilisinin regionda sülhün qarantı kimi çıxış etdiyini bir daha təsdiqlədi. Bu fakt göstərir ki, regionda artıq barıt deyil, mallar və xidmətlər dövr edir. Gürcüstanın bu “güvən limanı” missiyası Cənubi Qafqazda gərginliyin azalmasının və praqmatik yanaşmanın qələbəsinin bariz göstəricisidir. İqtisadi göstəricilər bu ittifaqın nə dərəcədə real resurslara söykəndiyini sübut edir. Keçən il ticarət dövriyyəsinin 800 milyon dolları keçməsi və cari ilin ilk rübündəki artım, ilin sonuna qədər 1 milyard dollarlıq tarixi həddin aşılacağını vəd edir. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı 3,7 milyard dollar investisiya ölkəmizin qonşu dövlətin gələcəyinə olan inamının ən böyük göstəricisidir. Daha bir yenilikçi addım isə üçüncü ölkələrə birgə sərmayə qoyuluşu planıdır ki, bu da Bakı və Tbilisinin qlobal iqtisadi arenaya vahid güc kimi çıxmaq niyyətini nümayiş etdirir.

​​Azərbaycan qazının 16 ölkəyə ixrac edilməsi və bu yolun məhz Gürcüstanın daxilindən başlaması regionun geosiyasi çəkisini artırır. Bakı-Tbilisi-Ceyhanın 20 illik uğuru və Orta Dəhlizin “əsas nəqliyyat damarı” elan edilməsi göstərir ki, Şərqlə Qərbi birləşdirən ən etibarlı və qısa yol məhz bu coğrafiyadan keçir. Bu infrastrukturlar artıq təkcə region üçün deyil, bütün Avrasiya üçün həyati əhəmiyyət kəsb edir.

​​Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrini bütün qonşular üçün “nümunə” adlandırarkən sülhün və tərəqqinin real düsturunu təqdim etdi. Bu münasibətlər qarşılıqlı hörmət, inam və ortaq mənfəət üzərində qurulub.

​Bu bəyanat bir daha sübut etdi ki, region dövlətləri öz taleyini özləri müəyyən edə bilər. Azərbaycan və Gürcüstanın sarsılmaz ittifaqı Cənubi Qafqazı münaqişə zonasından çıxarıb, bütün dünya üçün açıq olan bir tərəqqi, sülh və təhlükəsizlik məkanına çevirir. Bakı və Tbilisinin bu sülh vizyonu, regionda inkişafın dönməz olduğunu bütün dünyaya bəyan edir.

 

Kərimova Nurəngiz Əli qızı
Bakı Slavyan Universiteti, regionşünaslıq kafedrasının müəllimi

Oxşar Xəbərlər

Back to top button