Şəxsiyyətlər tarix yaratmır, tarixi dövlətçiliyin, dövlətin sabahlarına istiqamətləndirir. Belə şəxsiyyətlərin dövlətçilik düşüncələri, dövlətçilik naminə gördüyü işlər zaman-zaman milli məfkurənin, dövlətin siyasi nüfuzunun yüksəldilməsində, dövlətlərarası münasibətlərin tənzimlənməsində, dövlətin iqtisadi qüdrətinin artmasında, təhsilin, səhiyyənin, mədəniyyətin, incəsənətin inkişafında dövlət qanunları ilə tənzimlənən mühüm vasitələrdən biri olur. Böyük tarixi şəxsiyyət Heydər Əliyev belə tarixi şəxsiyyət olub. Onun siyasi kursunu əsl dövlətçilik manifesti bilən, fəaliyyətini bu ülgüdə quran Cənab İlham Əliyev də belə şəxsiyyətlərdəndir.
İlham Heydər oğlu Əliyev o dövr üçün olduqca nüfuzlu ali məktəbi – Moskva Beynəlxalq Əlaqələr İnstitutunu bitirmişdi. Belə bir institutda ancaq yüksək təfəkkürə, dil mənimsəmə, öyrənmə qabiliyyətinə, məntiqli düşüncəyə, səlis danışıq tərzinə, insanlarla münasibət qurma bacarığına və s. malik olanlar oxuya bilərdi. Tarix bu institutun məzunlarının əksəriyyətinin dövlət xadimi kimi formalaşdığını təsdiqləyir. İlham Əliyev bu institutu bitirdikdən sonra 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyən, 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışan, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edən İlham Əliyev 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra birinci vitse-prezidenti olub. Bu təyinat Azərbaycanın neft strategiyasının müxtəlif səviyyələrdə beynəlxalq münasibətlərin komponenti kimi qəbul edilməsində əsaslı əhəmiyyət kəsb edib. Sonralar böyük beynəlxalq iqtisadi müqavilələrin bağlanmasında bunlar da səmərəli olmuşdu.
1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsində keçirilən toplantıda tanınmış idmançılar, məşqçilər, idman xadimləri MOK-un prezidenti vəzifəsinə 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilmiş İlham Əliyevin seçilməsini zəruri bildilər, bu seçimi Azərbaycan idmanının sabahlarına böyük qayğı kimi dəyərləndirdilər. Təşəbbüs gerçəkləşdi. Azərbaycanda idman mərhələlərlə kütləviləşməyə başladı. Neçə-neçə beynəlxalq yarışda, dünya miqyaslı idman tədbirlərində Azərbaycan da daha geniş tərkibdə təmsil olunmağa başladı. Olimpiya Oyunlarında lisenziya qazananların sayı da artırdı, qazanılan medalların sayı da, medalların əyarı da yüksəlirdi. Bu nəticələr MOK-un prezidentinin idman siyasətinin bəhrəsi idi.
Cənab İlham Əliyev 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.
Cənab İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın dövlətçilik tarixində həm də müzəffər sərkərdə oldu. Dünya ictimaiyyəti də, Azərbaycan dövlətinə ehtiramı olan dövlətlər də, dünya azərbaycanlıları da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il noyabrın 8-də Ulu Öndərin Fəxri Xiyabanda abidəsi önündə dediyi fikirləri heç zaman unutmayacaq: “Xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu kəlamlar həm də bir gerçəkliyi yada salır: Ulu Öndər ərazilərimizin işğaldan azad olunmasını oğluna vəsiyyət edibmiş. Böyük tarixi şəxsiyyət, ən böyük azərbaycanlı Heydər Əliyevin cənab İlham Əliyevə vəsiyyəti, Azərbaycan naminə, Azərbaycan dövlətçiliyi naminə tapşırığı belə olub. Azərbaycançılıq budur! Vəsiyyət də, tapşırıq da, vəsiyyətin, tapşırığın yerinə yetirilməsi də azərbaycançılıqdır, sədaqətdir!.
Cənab İlham Əliyev dövlətə, dövlətçiliyə sədaqətin Prezidentidir. Dekabrın 24-nü də könül xoşluğu ilə qarşılamaq hər bir azərbaycanlının Azərbaycan dövlətçiliyinə sədaqətinin ifadəsi kimi tarixləşəcək.
Günel Nəsibova,
YAP-ın gənc fəalı