
2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə də, Qarabağın bəzi ərazilərində – xüsusilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi zonalarda – Ermənistan silahlı qüvvələrinin qalıqları qanunsuz şəkildə mövcudluğunu davam etdirirdi. Bu qüvvələrin fəaliyyəti və ard-arda baş verən təxribatlar regionda gərginliyi artırmaqda idi. Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikası, ərazisində baş verən terror və təxribat xarakterli hərbi hərəkətlərə cavab olaraq lokal antiterror tədbirlərinə başladı. Əməliyyatın əsas məqsədi Qarabağ iqtisadi rayonunda qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətinə son qoymaq, Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərə qarşı yönəlmiş təxribatların qarşısını almaq, Konstitusiya quruluşunun bərpasını təmin etmək və Azərbaycanın suverenliyini tam şəkildə icra etmək idi. Əməliyyata səbəb olan konkret hadisə isə 2023-cü ilin sentyabr ayında Kəlbəcər və Laçın istiqamətlərində Azərbaycan hərbi konvoyuna qarşı törədilən mina və atəş təxribatları oldu. Nəticədə bir neçə azərbaycanlı hərbçi və mülki şəxs şəhid oldu. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən “lokal xarakterli antiterror tədbirləri” adlandırılan bu hərbi əməliyyat sentyabrın 19-da başladı. Əməliyyatlar zamanı Azərbaycan Ordusu yüksək dəqiqlikli silahlardan istifadə edərək, qanunsuz hərbi mövqeləri, silah anbarlarını, rabitə məntəqələrini və digər strateji hədəfləri məhv etdi. Cəmi 23 saat ərzində Ermənistan silahlı qüvvələrinin Qarabağdakı qalıqları təslim oldu. Sentyabrın 20-də separatçı rejimin nümayəndələri Azərbaycanın təklif etdiyi şərtlərlə razılaşaraq silahları yerə qoydu. Bununla da qanunsuz silahlı birləşmələrin tərksilahı başladı, separatçı qurumun idarəetmə strukturları ləğv olundu və Azərbaycan dövləti ərazidə tam suverenliyini bərpa etməyə başladı. Bu hadisə ölkəmizin tarixində əlamətdar dönüş nöqtəsi hesab olunur.
Antiterror əməliyyatı dünya ictimaiyyəti tərəfindən müxtəlif reaksiyalarla qarşılandı. Türkiyə, Pakistan, Macarıstan və Özbəkistan kimi ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Bəzi Qərb ölkələri, beynəlxalq təşkilatlar mülki əhalinin təhlükəsizliyinə diqqət çəkdi və humanitar dəhlizlərin yaradılmasını müsbət qiymətləndirdi. Rusiya isə sülhməramlı kontingentin fəaliyyəti çərçivəsində proseslərə nəzarət etməyə çalışdı. Azərbaycan hökuməti separatçılığın ləğvindən dərhal sonra Qarabağın erməni əsilli əhalisinin reinteqrasiyası üçün planlar hazırladı. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Qarabağda yaşayan erməni icması Azərbaycanın bərabərhüquqlu vətəndaşları olaraq dinc şəraitdə yaşaya bilərlər.
2023-cü ilin sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın 30 ildən artıq davam edən ərazi münaqişəsində son mərhələnin uğurla tamamlandığını göstərdi. Bu əməliyyat Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünü tam şəkildə bərpa etməsinə imkan verdi. Eyni zamanda, bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün yeni imkanlar yaratdı.
Siyasət Həsənov
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının məsləhətçisi