
Böyük Qayıdış prosesinin əsas mərkəzində insan dayanır. Buna görə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin nəticəsi yalnız tikilən binaların sayı ilə deyil, insanların gündəlik həyat üçün zəruri xidmətlərlə təmin olunması ilə də ölçülür.
Cəbrayılda bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Şəhərdə Mehdi Mehdizadə adına tam orta məktəbin istifadəyə verilməsi, yeni yaşayış komplekslərinin yaradılması və rayon mərkəzi xəstəxanasının tikintisinin aparılması sosial infrastrukturun genişləndirilməsinə yönələn layihələr sırasındadır.
Kəndlərdə də oxşar yanaşma müşahidə olunur. Horovluda məktəb, uşaq bağçası və tibb məntəqəsi yaradılıb, Şükürbəyli kəndində isə 360 şagird yerlik məktəb binası istifadəyə verilib.
Sosial infrastrukturun əhəmiyyəti xüsusilə ailələrin qayıdışı baxımından böyükdür. Təhsil müəssisəsinin olması uşaqların təhsilinin davamlılığını, tibb məntəqəsinin və xəstəxananın fəaliyyəti səhiyyə xidmətlərinə çıxışı, ictimai obyektlər isə sosial əlaqələrin formalaşmasını təmin edir.
Bu baxımdan Cəbrayılın bərpasının insan mərkəzli tərəfi onun fiziki quruculuğu tamamlayan əsas istiqamətlərindən biridir. Yeni şəhər və kəndlərin uğurlu fəaliyyəti onların sakinlər üçün real və davamlı həyat məkanına çevrilməsindən asılıdır.
Nazlı Ələkbərova,
YAP Nizami rayon təşkilatının fəalı



