Cəbrayıl, sən azadsan!
Cəbrayıl – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Cəbrayıl şəhəridir. Kiçik Qafqaz dağlarının ətəklərində binə tutan bu gözəl, zümrüd meşəli, buz bulaqlı bölgənin adamları inanırlar ki, onların binələndiyi yerin adı səkkizinci yüzillikdə yaşamış Cəbrayıl atanın ismindən götürülüb. Fəqət saysız-hesabsız abidələr, mağaralar, qalaların, bürclərin, məbədlərin qalıqları tarixin daş dili ilə pıçıldayır ki, burada insanlar min illər boyu ömür sürmüşlər. Havası saf, göy üzü təmiz, adamları qədirbilən, etibarlı Cəbrayıl! Aşıq Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərimin, Aşıq Humayın ilham aldığı torpaq.Cəbrayılda çağdaş illərdə də saysız-hesabsız sənətkarlar, ziyalılar yetişmişdir.
1988-ci ildən başlayaraq rayonun “bəxtində qara zolaqların” sayı artmağa başlamışdır. O zamanlar Cəbrayılın yalnız 2 kəndində – Hərəkül və Banazurda ermənilər yaşayırdı. İnsan qiyafəsinə girmiş bu məxluqlar, hələ o zaman yaşadıqları, birlikdə çörək kəsdikləri insanlara xəyanət etmiş, durmadan təxribatlar törətməyə başlamışdılar. Cəbrayıl sakinləri uzun illər mənfur, xain düşmənlə mübarizə aparmış, öz yurdunu-yuvasını son damla qanlarınadək qorumuşlar. Lakin tarixi mədəniyyət abidələri ilə zəngin olan, Azərbaycanın dilbər guşələrindən biri-Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçdi. Ərazisi 105 min hektar olan bu rayonda işğala qədər tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. İşğal olunmuş Cəbrayıl rayonun inciləri vandal düşmən tərəfindən darmadağın edilmiş, evlər yandırılmışdır.
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtokulub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət göstərirdi. Zəngin ekspanatları olan tarix – diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer – mama məntəqəsi sakinlərə xidmət göstərirdi. İnsanların yeganə gəlir yeri torpaq idi.
Qüdrətli Azərbaycan ordusu və Ali baş Komandan cənab İlham Əliyevin düzgün siyasəti nəticəsində Qarabağa qayıdış Cəbrayıl rayonundan başladı. 2016-ci ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində hektarlarla torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu qələbə xalqı böyük qələbəyə daha da ruhlandırdı. Prezidenti sərəncamı ilə Cocuq Mərcanlı kəndində yeni yaşayiş zonalarlı salındı. Infrastruktur bərpa olundu. Əhalinin köçməyi üçün bütün zəruri tədbirlər görüldü. Cəbrayıllılar doğma torpağa qayıtmağın sevincini yaşadılar.
Noyabrın 16-da, Vətən Müharibəsinin bitməsindən 6 gün sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Cəbrayıl rayonunda, o cümlədən Cəbrayıl şəhərində oldu. Səfər zamanı Prezident İlham Əliyevin bayrağımızı Cəbrayıl şəhərində və tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir.
Ötən 27 ildə hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın. Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu rəzil düşmən üzərində tarixi zəfər çaldı. Düşmənin beli qırıldı, torpaqlarımızdan qovuldu. Azərbaycanın üç rəngli bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı. Əlbəttə ki, bu bayraq torpaqlarımızda əbədi dalğalanacaqdır!
Qazanılmış qələbədən 3 il keçməsinə baxmayaraq dövlət başçısı Ali baş komandan İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri, tez bir zamanda Qarabağda həyatın bərpasına zəmin yaradır. Prezident Qarabağda o cümlədən Cəbrayıl rayonunda əhalinin yaşayışının yüksək səviyyədə təmin olunması üçün bütün zəruri addımları atır. Asfalt yolların çəkilişi,yaşayış binalarının.xəstəxanaların, hərbi hissələrin və başqa infrastruktur obyektlərinin tikilməsi Qarabağa həyatın qayıtmasına təkan verəcək!
Kazımova Aygün,
Xəzər rayonu, 322 №li tam orta məktəbin müəllimi