Analitika

Bütün regionun sürətli inkişafına səbəb olacaq nəqliyyat dəhlizi

Qafqazın bir hissəsi olan Azərbaycan öz strateji mövqeyi ilə tarixin bütün dönəmlərində diqqət mərkəzində olmuşdur. Ərazi baxımından Şərq və Qərbin qovşağında yerləşən vətənimiz mədəniyyət daşıyıcısı olaraq da hər iki sivilizasiyanın əlamətlərini özündə ehtiva edir. Daha dəqiq ifadə etsək, Azərbaycan hərtərəfli cəhətləri ilə Asiya və Avropa mədəniyyətlərinə öz töhfəsini vermişdir. Mədəniyyətlərin bu qarşılıqlı vəhdəti günümüzdə də davam etməkdədir.

Ümummili Liderimiz Heydər Əliyev hər zaman quruculuq, inkişaf və tərəqqi yolunu izləmiş, müstəqil Azərbaycanın prezidenti kimi ordu quruculuğu fonunda sülh və əmin-amanlıq yolunu tutmuşdur. İqtisadi uğurların təməlində isə ilk növbədə ölkədəki stabil şərait, qonşu, eləcə də digər xarici dövlətlərlə mehriban, mədəni əlaqələr durur. 1994-cü ildə dahi rəhbərin təşəbbüsü və qətiyyətli iradəsi ilə “Əsrin müqaviləsi” sazişinə nail olundu. Həmin ildən günümüzədək Azərbaycan ən yeni tariximizdə iqtisadi-mədəni əlaqələrin qovşağı funksiyasını layiqincə daşımaqdadır.

Prezident İlham Əliyevin cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasındakı çıxışında biz sözügedən əlaqələrin necə nizamlanmalı olduğunu görürük. Ölkə prezidenti toplantıda bildirdi ki, son ildə Azərbaycanın Avrasiya iqtisadi əməkdaşlığı çərçivəsindəki mal dövriyyəsinin payı 31 faizə çatmışdır. Təkcə Ələt Azad İqtisadi Zonası 15 milyon ton yükün daşınmasına vasitəçilik etmiş, yaxın zamanlarda isə bu rəqəm 25 milyon tona yüksələcəkdir. Əlbəttə, bütün bunlar düzgün, balaslaşdırılmış xarici iqtisadi-siyasi əlaqələrin nəticəsində mümkün olmuşdur. Prezident İlham Əliyev bir məsələni də xüsusi qeyd etdi ki, Ermənistandan başqa bütün üzv dövlətlər qarşılıqlı iqtisadi əməkdaşlığın inkiaşfı üçün konkret əməli işlər icra etmişlər. Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün irəli sürülməsi və bu istiqamətdə səylə çalışılması Azərbaycanın həmin əlaqələrin inkişafında nə dərəcədə maraqlı olduğunun sübutudur.

Zəngəzur dəhlizi iqtidasi-siyasi əhəmiyyəti ilə yanaşı, tarixi torpaqlarımıza qayıdışın simvoludur. Əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan sülh və əmin-amanlıq yolunda mətin addımlarla irəliləyir. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti daha çox anlaşılacaq, Şərqi Zəngəzur iqtisadi rayonu bu nəqliyyat dəhlizinin sayəsində daha da inkişaf edib çiçəkləcəkdir.

Ceyhun Əsgərov,
Xəzər rayonu, 121 nömrəli tam orta məktəbin direktor müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button