Analitika

Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımı tədbirlər görüləcək

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib.

Prezident İlham Əliyev çıxışında deyib: “Bu bayram günü ərəfəsində ölkəmizdə növbəti komando hərbi hissəsi açılır. Bu, çox əlamətdar hadisədir. Bildiyiniz kimi, Vətən müharibəsindən sonra mənim göstərişimlə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq. İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi.

Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. Ancaq buna baxmayaraq, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır.

Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır – həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.

Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.” Sonra komando hərbi hissəsinə Döyüş bayrağının verilməsi haqqında təqdimat oxunub. Müzəffər Ali Baş Komandan İlham Əliyev Döyüş bayrağını hərbi hissənin komandirinə təqdim etdi. Komando andiçmə mərasimindən sonra şəxsi heyət Döyüş bayrağı ilə təntənəli marşın sədaları altında tribunanın önündən keçdi. Bundan sonra Ali Baş Komandana komando bölmələrinin silahlanmasında olan kiçik və iriçaplı silahlar, zirehli avtomobil və xüsusi texnika, o cümlədən artilleriya, kəşfiyyat, mühəndis, rabitə və digər döyüş vasitələri, eləcə də zərbə dronları və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları nümayiş etdirildi.

Əbilsoylu Əsmər,
Xəzər rayonu, 117 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button