AnalitikaGündəmSiyasət

Bu gün Şuşa-Laçın yolunda baş verənlər Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir

“Son müddət ərzində aparılmış araşdırmalar və müşahidələr zamanı bəlli oldu ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı həyata keçirilməkdədir. Heç şübhəsiz ki, belə bir vəziyyət həm Azərbaycan dövlətini, həm də cəmiyyətini qane edə bilməzdi. Ona görə də, bir neçə dəfə sözügedən ərazilərdə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinqin keçirilməsinə cəhdlər edildi. Lakin həmin ərazilərə girişə maneçilik törədildi. Ona görə də, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının dayandırılması və bütün təbii sərvətlərin istismarının ölkəmizin qanunvericiliyi əsasında həyata keçirilməli olması tələbləri ilə vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olundu”.

Bunu “Globalnews.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası obyektiv xarakter daşıyır: “Çünki ortada bir səbəb və ona uyğun da xoşagəlməz nəticə var. Bu səbəbdən də Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasına, vətəndaş cəmiyyətinin nümayiş etdirdiyi mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu gün Şuşa-Laçın yolunda baş verənlər Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir”.

“Azərbaycan fəallarının sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Ermənistanın da qərəzli iddiaları əsassızdır: “Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Əksinə Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Həmçinin, keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Əvəzində isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələ ki inteqrasiya olunmayıb. Bu mənada Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır. Sirr deyil ki, Azərbaycan məsuliyyətli ölkədir və ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Ermənistanın narahatlığı və siyasi təxribatları isə yalnız bir məqsədə xidmət edir. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısı alınmasın, kriminal iş adamı Ruben Vardanyan Azərbaycanın təbii sərvətlərini talan etməyə davam etsin. Lakin Ermənistan anlamalıdır ki, öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Onu da qeyd etmək lazımdır ki, əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür. Eləcə də Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button