AnalitikaGündəmSiyasət

Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir

Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Zəngin enerji resurslarına malik olan ölkəmiz 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə iqtisadi və siyasi mövqeyini möhkəmləndirmək imkanı qazandı. Ölkəmizin bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə bunu aydın şəkildə görürük. Baxmayaraq ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqət mərkəzində olub, müstəqilliyimizin bərpasının ilk illərində ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər.

Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin və normal biznes mühitinin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasında stimulverici amil oldu. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Məhz o illərdə yaradılan möhkəm təməlin nəticəsində bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan investisiya cəlbediciliyini qoruyan ölkədir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardan çoxdur ki, bunun da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan 2026-cı ilə qədər olan dövrü əhatə edən Sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq, öz enerji xəritəsini sürətlə yeniləyir.

Ənənəvi neft-qaz ölkəsi olan Azərbaycan bu gün dünyanın “yaşıl enerji” mərkəzlərindən birinə çevrilmək yolundadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur bölgələri tamamilə “yaşıl enerji” zonasına çevrilir. Energetika Nazirliyinin məlumatına görə, bu ərazilərdə kiçik su elektrik stansiyalarının (SES) bərpası və günəş panellərinin quraşdırılması prioritet təşkil edir. Xüsusilə Kəlbəcər və Laçın rayonlarının külək enerjisi potensialı beynəlxalq investorların diqqət mərkəzindədir. Azərbaycanın qarşısına qoyduğu əsas məqsəd 2030-cu ilə qədər bərpaolunan enerjinin ümumi enerji balansındakı payını 30%-ə çatdırmaqdır. Hətta gələcəkdə, Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq nəhəng külək enerjisi potensialı mövcuddur ki, bu da ölkəni gələcəkdə “yaşıl hidrogen” ixracatçısına çevirə bilər. Nəticə olaraq, deyə bilərik ki, Azərbaycan bu gün öz enerji təhlükəsizliyini təmin etməklə yanaşı, həm də beynəlxalq iqlim hədəflərinə sadiqliyini nümayiş etdirir. 2026-cı ilə qədər tamamlanacaq layihələr ölkəmizi regionun “təmiz enerji” ixracatçısı kimi daha da gücləndirəcəkdir.

Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button