AnalitikaGündəmSiyasət

Bu gün Moqadişu və Bakı beynəlxalq tribunalarda bir-birinin haqq səsini dünyaya çatdırır

Bu gün dünya hər sahədə, xüsusilə də iqtisadi və geopolitik münasibətlərdə sürətli dəyişikliklər yaşamaqdadır. Beynəlxalq arenada yeni tərəfdaşlıqların yaradılması, əməkdaşlıq əlaqələrinin genişlənməsi və mövcud problemlərlə mübarizədə birgə addımlar atılması, vahid planlar qurulması getdikcə daha əhəmiyyətli hal alır. Belə bir kontekstdə, dünyanın iki fərqli coğrafiyasında yerləşən Azərbaycan və Somali, çöllərin və dənizlərin arasından uzanan yeni bir əməkdaşlıq körpüsü qurur. Tarix boyu öz suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizə aparmış bu iki xalq bu gün bir-birinə daha da yaxınlaşır, daha sıx bağlarla bağlanır. Ölkələrin vahid hədəfləri, ortaq xəyalları, rəngarəng arzuları və gələcəyə yönələn baxışları onları hərbi, iqtisadi və siyasi sahələrdə əməkdaşlığa təşviq edir. Fevralın 12-də Bakıda imzalanan sazişlər isə həmin dostluğun rəsmi möhürü olaraq yaddaşlarda özünə yer tapır.

Xəzərin keşikçisi olan Azərbaycan və dəniz sahillərində yerləşən Somali tarixən öz torpaqlarından ötrü mübarizə aparmış, canı və qanı bahasına torpaqlarını qorumuşdır. Ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən, xalqı dəmir yumruq ətrafında birləşdirən cənab prezidentimiz İlham Əliyev 30 illik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Somali isə hələ də təhlükəsizlik və daxili sabitlik uğrunda mabarizə aparır. Bu mücadilələr iki milləti ortaq bir nöqtədə birləşdirir: azadlıq və suverenlik haqqı.

Bu gün Moqadişu və Bakı beynəlxalq tribunalarda bir-birinin haqq səsini dünyaya çatdırır. Azərbaycan Qarabağda bərpa işlərini sürətlə həyata keçirərkən Somali də öz torpaqlarında sülhü, əmin-amanlığı və rifahı bərpa etməyə cəhd göstərir. Bu iki xalqın diplomatik münasibətləri yalnız rəsmi sənədlərlə yox, xalqların könül bağı ilə də möhkəmlənir.

Azərbaycanın müxtəlif guşələrində olan zəngin təbii sərvətləri və Somalinin strateji əhəmiyyətə sahib dəniz yolları iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bakıdan Moqadişuya uzanan bu ticarət əlaqələri, hər iki ölkənin iqtisadi inkişafına yeni nəfəs, yeni ruh  gətirə bilər və cənab prezidentimiz İlham Əliyevin qətiyətli səyləri nəticəsində bu uğurun bərqərar olacağına inanırıq.

Azərbaycanın enerji sahəsindəki təcrübəsi Somali üçün yeni yollar açır, yeni təkanlar və ümidlər vəd edir. Bakı Somalinin enerji baza strukturlarını təkmilləşdirmək üçün yaşıl enerji sahəsində təcrübəsini paylaşa bilər. Digər tərəfdən, Somalinin kənd təsərrüfatı məhsulları Azərbaycan bazarlarına çıxış əldə edə bilər.

Sərmayə qoyuluşu sahəsində isə hər iki dövlət bir-birinə arxalanaraq yeni işlərə imza atmağa hazırlaşır. Somalinin ticarət yolları və limanları Azərbaycanın nəqliyyat imkanları ilə birləşərək iki dövlətin iqtisadi yüksəlişinə dəstək verə bilər.

Hər bir tərəfdaşlığın toxunduğu vacib nüanslardan biri də gələcək nəsillərin inkişafıdır. Hal-hazırda Bakıda təhsil alan Somali tələbələri sabah ölkələrinin inkişafına fayda verəcək liderlərə çevriləcəklər. “Heydər Əliyev təqaüdü” sayəsində Somali gəncləri Azərbaycan universitetlərində oxuyur, burada əldə etdikləri bacarıq və bilikləri ilə öz torpaqlarında yeni bir eranın təməlini qoyurlar.

Azərbaycan və Somali arasında imzalanmış akademik əməkdaşlıq anlaşması, texnologiya və elm sahəsində də yeni razılaşmaların başlanğıcına çevrilir. Bu tərəfdaşlıq yalnız hərbi və iqtisadi əlaqələrlə məhdudlaşmır, o cümlədən elmin gücü ilə gələcəyə parlaq yol açır.

Azərbaycan döyüş təcrübəsi və çağdaş hərbi texnologiyaları ilə Somali üçün yeni yollar açır. Qarabağda əldə edilmiş uğurlar Somalinin təhlükəsizlik qüvvələrinə müxtəlif strategiyalar verə bilər.

Bu tərəfdaşlıq yalnız hərbi texnologiyaların ötürülməsi ilə məhdudlaşmır. Hər iki ölkə qeyri-qanuni silahlı qruplara və terrorçuluğa qarşı birgə mücadilə etməyə hazırdır. Təhlükəsizlik barəsində imzalanan yeni razılaşmalar Somali ordusunun qüvvətlənməsinə və Azərbaycanın hərbi sahədə beynəlxalq imicinin yüksəlməsinə xidmət edir.

Azərbaycan və Somali arasındakı bu yeni ittifaq yalnız iki dövlət arasındakı münasibətlər yox, həmçinin qlobal səhnədə yeni bir strateji əməkdaşlığın təşəkkül tapmasıdır. Bu əlaqələr enerji sahəsində, təhsil auditoriyalarında, ticarət yollarında və hərbi poliqonlarda mühim bir dönüş nöqtəsi kimi tarixdə yerini alacaq.

Bu gün Bakı və Moqadişu ayrı-ayrı qitələrdə olsa da, eyni amala doğru addımlayırlar. Sülh, inkişaf və rifah yolunda birləşən bu ölkələr yaxın gələcəkdə çox daha sarsılmaz əlaqələrlə bir-birinə bağlanacaq. Nəticə olaraq bu gün Azərbaycanın siyasi arenadakı yeri daha da möhkəmlənir və bu məqamda tarixin səhifələrində Azərbaycan və Somalinin qardaşlıq dastanı yazılması bizim üçün uğurun nişanələrindəndi.

Lalə Ələkbərova,
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi 

Oxşar Xəbərlər

Back to top button