
2023-cü ildən etibarən Füzuliyə köç prosesi başlayıb, ilk mərhələdə 144 ailə, ümumilikdə 824 ailə (3141 nəfər) doğma torpaqlarına qayıdıb. Böyük Qayıdış Proqramı çərçivəsində 2026-cı ilin sonuna qədər Füzulidə 22 min insanın daimi məskunlaşması planlaşdırılır. Bu, yalnız sosial layihə deyil, həm də milli dövlətçilik strategiyasının, azad torpaqlarda həyatın bərpası siyasətinin real təzahürüdür.
Füzulinin dirçəlişi həm də dost və qardaş ölkələrin həmrəyliyinin nəticəsidir. Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi, həmçinin Qırğızıstan və Türkmənistanın dəstək jestləri türk birliyinin mənəvi gücünü nümayiş etdirir. Bu layihələr mədəni diplomatiyanın praktiki ifadəsinə çevrilib.
Füzuli işğaldan azad edilmiş torpaqlarda qurulan yeni həyat modelidir. Burada həyata keçirilən layihələr təkmil dövlət idarəçiliyinin bariz nümunəsidir. Füzuli şəhəri konseptual baxımdan “yaşıl enerji”, “ağıllı şəhər” və “sosial inteqrasiya” prinsipləri əsasında formalaşır.
Bu gün Füzuli Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mərkəzində dayanır. Burada həyata keçirilən hər bir layihə – yeni yol, məktəb, yaşayış kompleksi və ya su anbarı azadlıqdan qaynaqlanan sabitlik və güclü iradənin ifadəsidir. Füzuli reallığa çevrilmiş milli ideyanı, bərpa olunan həyatı və parlaq gələcəyə olan inamı təcəssüm etdirir.
Bu gün Füzuli bərpa olunmaqla yanaşı, Cənubi Qafqazın ən müasir şəhərlərindən birinə çevrilməkdədir. Şəhərdə artıq müasir hava limanı fəaliyyət göstərir, “Yaşıl enerji” konsepsiyası əsasında enerji təchizatı sistemi qurulub. Füzuli əhalisinin mərhələli şəkildə doğma torpaqlara qayıdışı həyata keçirilir.
Yeni yaşayış kompleksləri, sənaye zonaları və kənd təsərrüfatı layihələri sayəsində Füzuli iqtisadi baxımdan da mühüm mərkəzə çevrilir. Rayonun inkişafı həm də dövlətin azad edilmiş ərazilərdə dayanıqlı və balanslı bərpa siyasətinin nümunəsidir.
17 oktyabr – Füzuli şəhəri günü Azərbaycan xalqı üçün həm qürur, həm də minnətdarlıq günüdür. Bu tarix işğaldan azad olunmuş torpaqlarımızda yenidən həyatın bərqərar olmasının başlanğıcını ifadə edir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı nəticəsində Füzuli bu gün təkcə dirçəlişin deyil, həm də güclü dövlətçiliyin və sarsılmaz milli birliyin simvoluna çevrilib.
Füzuli indi həm tarix, həm gələcək, həm də qələbə şəhəridir — azadlığın, yenidənqurmanın və milli qürurun paytaxtı.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası məsləhətçi