Bu gun Azərbaycan və Tacikistan hər ikisi sabit dövlətdir
Azərbaycan ilə Tacikistan münasibətlərinin tarixi qədim tarixə malikdir. Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanmışdır. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir ki, onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər.
Azərbaycanlı Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub.Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulmuşdur.Azərbaycan ilə Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır. 8 sentyabr 1998-ci ildə Bakıda “Tarixi İpək Yolunun bərpası” adlı Beynəlxalq Konfrans keçirilib və 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələrinin iştirak etdiyi bu konfransda Tacikistan da təmsil olunub. Konfransda “Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş” (Əsas Saziş) və onun Texniki Əlavələri imzalanıb.
Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Tacikistan Respublikasında (Düşənbə şəhərində) Səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2007-ci il tarixli Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Tacikistan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. O, 26 may 2011-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır. Azərbaycan prezidenti İlham Əliyevin 10 fevral 2012-ci il tarixli sərəncamı ilə Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Dərin tarixi köklərə söykənən Azərbaycan – Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb.
2007-ci ilin oktyabrında Azərbaycanda Tacikistan mədəniyyət günləri keçirilib. Tacikistanın mədəniyyət naziri Mirzoşoxrux Asrorovun rəhbərlik etdiyi 90 nəfərlik nümayəndə heyəti Azərbaycanda səfərdə olub. 2008-ci ilin 9-12 noyabrında Tacikistanda “Azərbaycan mədəniyyət günləri”nə start verilib. Mədəniyyət günlərində Azərbaycanın 73 nəfərdən ibarət nümayəndə heyəti Tacikistanda səfərdə oldu. Mədəniyyət günlərinin yekunu olaraq Tacikistanın prezidenti İmomali Rəhmon nümayəndə heyətini qəbul edib. Tacikistanda Azərbaycan dramaturqlarının əsərləri, eləcə də, “Didor-Düşənbə” 3-cü Beynəlxalq Kino Festivalında Azərbaycan kinematoqrafçıları Əli İsa Cabbarovun qısametrajlı “Düyün” və Murad İbrahimbəyovun tammetrajlı “Üç qız” filmi nümayiş etdirilib. Azərbaycanla Tacikistan İKT, İƏT, MDB və s. Kimi regional təşkilatlarda, həmçinin, TRACECA kimi beynəlxalq proqramda faydalı əməkdaşlıq edirlər.
Səfər zamanı iki ölkə arasında imzalanmış ikitərəfli sənədlər bütün sahələrdə olan əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsinə və tamamlanmasına yönəlib.
Zaxarova Sevinc,
Xəzər rayonu, 136 saylı tam orta məktəbin tarix müəllimi