Analitika

Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir

“Azərbaycanda nizami ordu quruculuğu prosesinin ilk addımları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qanunsuz silahlı dəstələri, pərakəndə silahlı qrupları ləğv etdi və beləliklə də nizami ordunun formalaşdırılması istiqamətində ilkin addımlar atıldı. Tezliklə ölkədə vahid komandanlığa tabe olan ordu formalaşdırıldı. Ordunun peşəkar kadrlarla təmin olunması, texniki təchizatının yaxşılaşdırılması istiqamətlərində ciddi qərarlar qəbul edildi”. 

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarilə ilə yeni mərhələyə qədəm qoydu. Dövlətimizin başçısı İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi. Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son nailiyyətləri ilə təchiz olunmasına, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır:

“Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən dövlətimizin başçısı bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısındakı üstünlüyünü daha da artırdı və peşəkar, ən müasir tələblərə cavab verən orduya çevirdi. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı. Nəticədə işğalçı orduya məxsus milyonlarla dollar dəyərində hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edildi”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, qabaqcıl dövlətlərdən müasir hərbi texnikaların alınması siyasəti bundan sonra da dövlətimizin diqqət mərkəzində olacaqdır. Bu da Azərbaycan Ordusunun postmüharibə dövründə də hərbi-texniki təchizat baxımından liderliyini qoruyub saxlayacağını göstərir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində mühüm yer tutan məsələlərdən biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində – 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olub. Bununla da yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırıb. Müstəqillik illərində Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi uğurla davam edib. Ulu Öndərin bu siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılması barədə mühüm qərarlar qəbul edib.

O əlavə edib ki, bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Azərbaycan Silahlı Qüvvələri bu gün necə güclüdürsə, gələcəkdə də məhz belə olacaq.

Oxşar Xəbərlər

Back to top button