AnalitikaGündəm

Böyük siyasətə qayıdış dövrü

Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki,  hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş zamanın dahisi Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Bir sözlə, Ümummilli lider, sözün əsl mənasında, ən böyük azərbaycanlı idi. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olaraq XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən yan keçdi.

Zəmanəmizin görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin mühüm mərhələsini onun 1990-1993-cü illərdə Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi dövr təşkil edir. Həmin illər bütövlükdə həm Azərbaycanın, həm də onun tərkib hissəsi olan Naxçıvanın taleyində ən mürəkkəb və kəşməkəşli dövrlərdən birini təşkil edir. SSRİ-nin dağılmasından sonra Azərbaycan ağır bəlalarla üzləşmiş, parçalanmaq təhlükəsi qarşısında qalmışdı. O illərdə ölkəmiz fəlakətə sürüklənmişdi. Həyatı boyu qəlbi Vətən və xalqı ilə döyünən böyük şəxsiyyət Heydər Əliyev belə bir vaxtda susa bilmədi. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefaya getdikdən sonra Moskvada yaşayan Heydər Əliyev 1990-cı il 20 Yanvar günlərində həyatını təhlükədə qoyaraq Azərbaycanın daimi nümayəndəliyinə gedib çıxış etdi, qəzəb və kəskin etirazını bütün dünyaya bildirdi. Bu qüdrətli soydaşımız Azərbaycan xalqına başsağlığı verərək sovet ordusunun Bakıya basqın edib görünməmiş vəhşiliklər törətdiyini, çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxiləsini pislədi. O, bu faciənin ölkənin ali dövlət və partiya rəhbərliyinin səhv qərarı ucbatından baş verdiyini bildirdi və qırğın törədənlərin hamısının layiqincə cəzalandırılmasını istədi.Ona görə də ulu öndər Heydər Əliyev həmin çətin məqamda xalqının yanında olmağı məqsədəuyğun saydı və Moskvadan Azərbaycana qayıtdı. Amma bu böyük siyasətçi Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da  xalqa zidd hakimiyyət tərəfindən ona qarşı bir o qədər təzyiq və hədələr gözlənilirdi.

Bütün təzyiqlərə baxmayaraq, Ümummilli lider Heydər Əliyev 1990-cı il iyulun 20-də  Bakıya gəldi. İki gün sonra – iyulun 22-də isə hakimiyyətin təhdidləri nəticəsində Bakıdan Naxçıvana gəlməyə məcbur oldu. Bu Qayıdış təkcə qədim Naxçıvanın deyil, ümumilikdə Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcı idi. Ulu öndərin Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdışı idi.1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında böyük dövlət xadimi Heydər Əliyev yekdilliklə Ali Məclisin Sədri seçildi. Böyük siyasi xadim və dahi şəxsiyyət xalqın tələbi və iradəsi ilə hakimiyyətə gəlməyə razılıq verdiyini bəyan etdi: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin dövründə, üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu dahi şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı və Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Bu mənada 1990-1993-cü illər Naxçıvanının siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən ulu öndər Heydər Əliyevin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərə hərbi təcavüzə son qoyulmuş, əmin-amanlıq yaradılmış, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdı. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətinin Naxçıvan dövründə gördüyü işlər, muxtar respublikanın yaşamasına və xilasına yönəlmiş tədbirlər 1990-1993-cü illərdə xaos və təhlükələr, açıq şəkildə bildirilən kəskin narazılıqlar və qarşıdurmalar mərhələsini yaşayan, qardaş qırğını və vətəndaş müharibəsi həddinə gəlib çatan, parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycanın xilas yolunun başlanğıcı idi.

Ulu öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu gün də həmin siyasət böyük uzaqgörənlik, müdriklik nümunəsi ilə uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir.

Mirzəyeva Gülçöhrə,
Xəzər rayonu, 92 N-li tam orta məktəbin Kitabxana müdiri

Oxşar Xəbərlər

Back to top button