Böyük Qayıdış Proqramı uğurla icra olunur!

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqram təsdiq edilmişdir.
Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Bura həm şəhər və kəndlərin tikintisi, həm də zəruri infrastrukturun yaradılması daxildir. Azərbaycan bütün yaşayış məntəqələrini yeni yanaşmalar, o cümlədən “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası əsasında bərpa etmək niyyətindədir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin iştirakı ilə ilk yaşayış məntəqələrinin bərpasına başlanılması ilə bağlı tədbirlər keçirilib.
Azərbaycan ötən il Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin enerji resurslarından səmərəli istifadə etməklə özünün enerji potensialını daha da gücləndirmək niyyətindədir. Prezident İlham Əliyev bəhs olunan əraziləri “yaşıl enerji” zonası elan edib. Qısa müddətdə “Füzuli” və eyni gücə malik “Şuşa” yarımstansiyalarının tikintisi yüksək keyfiyyətlə tamamlanaraq Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfər çərçivəsində “İstisu” sanatoriyasında da olublar. Dövlət başçımız İstisu-Minkənd yolu barədə məlumat verib. Bu yol Kəlbəcər və Laçın rayonları arasında ikinci bağlantı olacaq. Ölkəmizin başçısı tədbirdə Zəngilanda aparılan geniş quruculuq prosesindən danışaraq artıq şəhərin Baş Planının təsdiq olunduğunu, infrastruktur layihələrinə böyük vəsait ayrıldığını və 2025-ci ildə şəhərin ilk sakinlərinin tarixi yurd yerinə qayıdacaqlarını, eyni zamanda, hazırda həyata keçirilən və gələcəkdə görüləcək digər quruculuq prosesini diqqətə çatdırmaqla əslində Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirdi.
Bu gün dövlətimizin gücü ilə yurd yerlərimizlə yanaşı, mədəni irsimiz, dağıdılmış dini və mədəniyyət abidələrimiz də bərpa olunaraq yenidən xalqımızın istifadəsinə qaytarılır.
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 №li tam orta məktəbin müəllimi