AnalitikaGündəm

Böyük Qayıdış: Cəbrayılda qaynayan həyat

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun dörd ilə əvvəl sentyabrın 27-də Qarabağ və Şərqi Zəngəzur torpaqları uğrunda haqq savaşı 44 gün ərizində Zəfər ilə başa çatdı və tarixi ədalət bərpa olundu. 4 oktyabr 2020-ci il tarixində Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdi, bu işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı. İyirmi yeddi illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratmış oldu. Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatdı. Azərbaycan Ordusunu Zəfər yürüşünün nəticəsi olaraq 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Ermənistan məğlubiyyəti ilə barışmaq məcburiyyətində qalaraq, noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Əlbəttə ki, dövlət başçımızın rəhbərliyi ilə tarixi qələbələrimizi bizlərə yaşadan iqtisadi gücümüz, müasir ordu quruculuğumuz, eləcə də xalq-iqtidar birliyi idi.

Zəfərdən sonra qısa bir zamanda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanıldı. Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri ardıcıl və dinamik şəkildə həyata keçirilir. Dövlətimizin başçısının Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olması, təməlqoyma və açılış mərasimlərində iştirakı bu ərazinin də müasir məkana çevriləcəyinin göstəricisidir. Ötən il iyulun 31-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncamına əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.

Artıq Cəbrayıl şəhərinin azad olunmasından dörd il ötür və cari ilin sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç etmiş əzəli sakinlər 4 Oktyabr – Cəbrayıl Şəhəri Gününü doğma yurdda sevinclə qeyd etdilər. Oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl sakinləri ilə görüşü də tarixi hadisə kimi yaddaşlara köçdü. Görüş zamanı dövlət başçımız çıxışında Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti olduğunu diqqətə çatdıraraq, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərdiyini bildirib.

Prezident İlham Əliyevin daimi diqqəti və nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma siyasətinə əsaslanan geniş tikinti-quruculuq işləri aparılır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”na əsasən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələrinin Baş planları artıq hazırlanıb. Bura artıq böyük quruculuq meydanına çevrilib. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. “Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir”, – deyən Prezident bildirib ki, ilk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi: “Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır və bu gün Cəbrayıla gələn hər bir insan görür”.

Cəbrayılda infrastruktur layihələri uğurla icra olunur və yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub. Cəbrayılın Baş Planına əsasən, 2026-cı ilin sonunadək təqribən 3800 nəfər şəhərdə yerləşdiriləcəkdir. 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15000 sakinin yaşayacağı proqnozlaşdırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışını ediblər. “Digər infrastruktur layihələrinin icrası da uğurla, sürətlə həyata keçirilir. Təkcə Cəbrayıl rayonunda yox, bütün azad edilmiş bölgələrdə. Dünən burada olarkən biz yeni məktəbin açılışını qeyd etdik və siz də bilirsiniz ki, gələn həftədən başlayaraq uşaqlar artıq məktəbə gedəcəklər. Bu yeni məhəllədə xəstəxananın tikintisi və müvəqqəti olaraq tibb məntəqəsi də nəzərdə tutulur. Əlbəttə, belə gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir”, – deyə Prezident diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimləri burada görülən işlərin miqyasının göstəricisi olmaqla yanaşı, əzəli torpağa dönən və dönəcək insalar üçün yeni iş yerlərinin yaradılmasıdır. Cənab Prezidentin bildirdiyi kimi, “Təkcə dünən Cəbrayıl rayonunda yerləşən beş yeni müəssisənin təməlini qoydum. O vaxta qədər “Araz Vadisi Sənaye Zonası”nda 10-a yaxın müəssisənin həm təməli qoyulmuşdu, həm də ki, bir müəssisə artıq fəaliyyətdədir. Təkcə dünən təməlini qoyduğum müəssisələrdə mindən çox insan çalışacaq”.

Azərbaycan Prezidentinin Cəbrayıl rayonunda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlinin qoyulması və s. insanların rahatlığının təminatına, iş yerləri ilə təmin olunmasına hədəflənib. Qalib dövlət kimi yaşayan Azərbaycan əzəli torpaqlarında məğrurcasına yaşayacaqlar.

Güləddin Dadaşov,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi, 62 ərazi partiya təşkilatının sədri, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button