
Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevirmişdir. Demoqrafik artımla yanaşı istehlakın kəskin artması, gələcəkdə bərpası mümkün olmayan təbii ehtiyatların tükənməyə başlaması kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir. şübhəsiz ki, ətraf mühitlə bağlı problemlər bütün insanları narahat edir və bu problemlərin öyrənilməsi bəşəriyyətin inkişafının ən vacib tələblərindən biridir.
Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin-davamlı inkişafın formalaşdırılması hesabına ola bilər. Hər bir ölkənin özünəməxsus ətraf mühit strategiyası və siyasət xətti olsa da, qlobal məqsədlər insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, cəmiyyətin sahib olduğu ətraf mühit dəyərlərinin qorunması və inkişafı, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdir.
Azərbaycan son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir və bu nailiyyətlərin dayanıqlı olması əsas prioritet kimi qəbul edilmişdir. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkənin ekoloji siyasətinin əsas istiqamətlərindədir.
Ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. “Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra icra başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.Görüşdə çıxış edən Prezident İlham Əliyev bir sıra məsələlərə toxunub.Bu məsələlərdən biri də ekoloji tarazlıq məsələsidir. Dövlət başçısı bildirib ki, bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir: “Həm Bakı, həm Sumqayıt ekoloji cəhətdən ən çirklənmiş şəhərlər hesab olunurdu. Bu gün isə bu, belə deyil. Bu gün Bakı, Sumqayıt parklar şəhərləridir. Biz köhnəlmiş müəssisələri köçürdük, neftlə çirklənmiş yerləri abadlaşdırdıq, rekultivasiya etdik, parklar saldıq. Qara şəhəri Ağ şəhərə çevirdik. “
Ümidverici dəlillərə – elmi texniki tədqiqatlara əsaslanaraq demək mümkündür ki, bu gün tullantı sayılan məhsullar yaxın zamanda gərəkli xammala çevriləcək və onlardan təkrar emal yolu ilə qiymətli məqsədli məhsullar alınacağına heç şübhə yoxdur.
Müstəqil respublikamızın hərtərəfli inkişafı naminə bütün sənaye hədəflərini ekoloji təmiz, başqa sözlə, “tullantısız” və ya “az tullantılı”, innovasiyayönümlü texnologiyalara keçirmək və istehsalata tətbiq etməklə ekoloji faciənin baş verməməsi istiqamətində daim dərin elmi tədqiqatlar-işləmələr aparmaq, ekoloji tarazlığı qoruyub sabit saxlamaq təxirəsalınmaz məsələdir. Bu da nəticədə bəşəriyyətin sağlamlığıdır, rəhnidir. Yoxsa bəşəriyyət daha ciddi təhlükəyə məruz qalar.
Aslanov Kamran
Xəzər rayonu 122 nömrəli məktəbin əməkdaşı


