Analitika

Biz heç vaxt öz dinimizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Onları yaşatmaq, onlardan bəhrələnmək, gələcək işlərimizin zəmanətidir

Milli-mənəvi dəyərlər və Azərbaycançılıq – bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması, xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir. Qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.

Bəs milli-mənəvi dəyərlər deyəndə nə başa düşülür? Milli ideologiya, mənəvi yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə sistemi, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və s. Bir sözlə, milli və mənəvi olan bütün nailiyyət və keyfiyyətlərimiz milli-mənəvi dəyərlər sisteminə aiddir.

Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişf etdirmək üçün bir sıra aşkar-gizli tədbirlər həyata keçirmişdir.

Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu Öndər Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Xalqımız 70 il Sovet rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, milli-mənəvi dəyərlərimizin ən önəmli komponentlərindən biri olan öz dini-mənəvi dəyərlərini unutmamış, onları gizli də olsa, yaşatmışdır. Lakin bununla belə, o dövrdə dini dəyərlərin sərbəst şəkildə yaşadılması və inkişafı mümkün deyildi. Həmin dövrdə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdi. Dini ibadətgahlarımızın və abidələrimizin bərpası və yenidən inşası da Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Məhz bu dövrdə yüzlərcə ibadətgah inşa və ya bərpa edilmiş, dini dəyərlərimiz yenidən canlanmışdır. Xalqımızın əsrlərcə ziyarət yeri olan, lakin Sovet rejimi tərəfindən dağıdılan Bibi Heybət məscidi və ziyarətgahının Heydər Əliyevin göstərişi ilə dövlət hesabına yenidən inşa edilməsi onun bu sahədəki xidmətlərinin bir göstəricisidir. Belə misalların sayı olduqca çoxdur. Heydər Əliyev İslam dinini bizim milli-mənəvi kimliyimizin ayrılmaz tərkib hissəsi kimi qəbul edirdi. “Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda İslam dininə itaət edən insanlara özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məsləkini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır” sözləri onun dinə baxışını çox aydın şəkildə xülasə edir. Ulu Öndər dinimizin əxlaqi dəyərlər sistemi kimi mənimsənilməsinin gənclərin formalaşmasında müsbət bir funksiya icra edəcəyini düşünürdü.

Milli-mənəvi, xüsusilə dini dəyərlər sisteminin sağlam müstəvidə inkişaf etdirilməsi və qorunması üçün güclü siyasi iradə, habelə dövlətçilik təcrübəsi tələb olunurdu. Heydər Əliyev bu xüsusiyyətləri özündə ehtiva edən tarixi şəxsiyyət kimi bu işin öhdəsindən də məharətlə gəldi. Dini təhlükəsizliyin təmin edilməsi üçün hüquqi-inzibati sferada lazımi addımlar atılmaqla yanaşı, məzhəbçilik, dini-nifrət və ayrı-seçkiliyin ölkəmizə ayaq açmasının da qarşısı qətiyyətlə alındı. O dövrdə Azərbaycanın düşdüyü çətin vəziyyətdən çıxmasını istəməyən daxili və xarici qüvvələr Heydər Əliyevə hər vəchlə mane olmağa çalışsalar da, xalqın Ulu Öndərə verdiyi böyük dəstək nəticəsində bu çirkin təxribatların sonu uğursuzluqla bitdi. Azərbaycanın ən böyük ziyalısı Ulu Öndər Heydər Əliyev çox çətin bir vaxtda məsuliyyəti öz üzərinə götürüb xalqımızın dəyərlər sistemini məhv olma təhlükəsindən xilas etdi.

Ümummilli liderimizin siyasi varisi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli dəyərlərə dövlət səviyyəsində çox böyük diqqət və qayğı göstərir. Hər bir məsələdə ulu öndərin ideyalarını meyar kimi görən ölkə başçısının milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir.

Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Prezident İlham Əliyevin milli ideologiyaya dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Heydər Əliyev Fondunun milli dəyərlərimizin qorunması və təbliğ edilməsi istiqamətindəki geniş fəaliyyətini də xalqımız böyük minnətdarlıqla qarşılayır.

Ulu öndərimizin milli dəyərlərin yaşadılması istiqamətindəki siyasi fəaliyyəti hər zaman aktualdır və bu siyasət Azərbaycan dövlətçiliyinin ən ümdə vəzifələrindən biridir.

Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323№li tam orta məktəb

Oxşar Xəbərlər

Back to top button