“Biz bir ailəyik” yeni layihəsinə start verdi
“Biz bir ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan “Əlilliyi olan şəxslərin mədəni istirahətinin təşkilinə və istedadlarının üzə çıxarılmasına dəstək” adlı layihənin icrasına start verib.
Layihənin rəhbəri Fatimə Məcidli “Globalnews.az”a deyib ki, bu gün ölkəmizdə əlilliyi olan şəxslərə dövlət qayğısı özünü bir çox sahələrdə həyata keçirilən işlərdə göstərir: “İstər mənzillə, istər avtomobillə təminat sahəsində, istərsə də onlara aylıq təqaüdlərin təyinatı sferasında Azərbaycan hökuməti beynəlxalq standartlara uyğun addımlar atır. Bununla yanaşı əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətə inteqrasiyası, onların mədəni istirahətinin təşkili, özünüməşğulluğunun təminatı, bilik və bacarıqlarının üzə çıxarılması, idmanla məşğul olması sahəsində də səmərəli tədbirlər həyata keçirilməkdədir”.
Fatimə Məcidli bildirib ki, əlilliyi olan şəxslərin istedadlarının üzə çıxarılması, onların mədəni istirahətinin təşkili mütəmadi və psinsipial xarakter daşımalıdır: “Məhz, bu layihə çərçivəsində əlilliyi olan şəxslərin müxtəlif sahələrdə bacarıqlarının üzə çıxarılması və mədəni istirahəti üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu layihə əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının müəyyənləşdirilməsi ilə yanaşı həm də perspektiv işlərin görülməsinə də vəsilə ola bilər. Ona görə də düşünürük ki, bu layihə onların maarifləndirilməsi, istedadlarının üzə çıxarılması, mədəni istirahətinin təşkili, dövlətimizin diqqət və qayğısının geniş təbliği baxımdan əhəmiyyətli olacaq”.