AnalitikaGündəm

Biz Azərbaycan xalqı olaraq ünsiyyət vasitəmiz olan dilimizlə fəxr edirik! 

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir.Fəxrlə deyə bilərik ki, biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış və şöhrətləndirmişdir. Azərbaycan dili kamil qrammatik quruluşa, zəngin söz fonduna, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Bizim ana dilimiz doğma respublikamızın dövlət dilidir, poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir, dosta məhəbbət, düşmənə nifrət dilidir.Hər hansı bir dilin qoruyucusu və daşıyıcısı onu təmsil edən xalqdır. Məhz bu mühüm amili nəzərə alaraq, hər bir Azərbaycan vətəndaşı millətimizin varlığı və qürur mənbəyi olan dövlət dilini ürəkdən sevməli, sevdirməli və bu dildə danışmağı ilə fəxr etməlidir.

Millətini, milliliyini, zamanın keşməkeşlərindən, sınaqlarından üzüağ çıxan qədimliyini və tarixini yüksək dəyərləndirən Heydər Əliyev ana dilimizlə bağlı bu fikirləri səsləndirib: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”. Ulu öndərin bu fikirləri dilimizə verilən yüksək qiymətin təzahürüdür.Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Vaqifin şeiriyyəti, Natəvanın qəzəli, Dədəm Qorqudun öyüd-nəsihətləri, Bəxtiyar Vahabzadənin milli ruhu bu dilin üzərində qurulmuşdur. Keçmişimizdən gələcəyimizə mənəvi körpü olan dilimizin saflığını və müqəddəsliyini dərk etməli, ona taleyimiz kimi sahiblənməli, qüdrətini qorumağı qarşımıza məqsəd olaraq qoymalıyıq.

Abbasova Yeganə,
Yap-ın fəalı

Oxşar Xəbərlər

Back to top button