AnalitikaGündəmSiyasət

Birlik və həmrəylik dövlətimizin qüdrətinin əsasını təşkil edən mühüm faktordur

“31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının həmrəylik və birlik ideyasını təcəssüm etdirən, həm də bu ideyanın tarixi və mədəni köklərini əks etdirən əlamətdar bir gündür. Bu gün yalnız bir bayram deyil, Azərbaycan xalqının bütün dünyadakı üzvləri arasında sıx əlaqələrin qurulması, milli şüurun və birliyin göstərilməsi üçün mühüm bir çağırışdır”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulmuşdur. Ulu öndərimiz Azərbaycan xalqının bütün dünyada yaşayan nümayəndələrinin birliyini, milli kimliyini qorumağı və müstəqilliyini dəstəkləməyini vacib sayırdı. Onun rəhbərliyi altında Azərbaycan öz həmrəyliyini və milli birliyini artırmaqla yanaşı, xalqın tarixi, mədəni və mənəvi dəyərlərinin qorunmasına və inkişafına önəm vermişdir. Prezident İlham Əliyev ulu öndərimizin əsərlərinə sadiq qalaraq, həmrəylik və birlik məsələlərini dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirmişdir. Dövlət bsşçımız həmrəylik günü çərçivəsində müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirir, onların problemlərinə həll yolları tapmağa çalışır. Bu həmrəylik, yalnız Azərbaycanın ərazisində deyil, dünya səviyyəsində də daha da möhkəmlənir. Azərbaycanın güclü dövlət siyasəti, ölkənin beynəlxalq aləmdəki mövqeyini möhkəmlətməklə yanaşı, həm də diasporada yaşayan soydaşlarımızla əlaqələrin artırılmasına xidmət edir:

“Azərbaycanın dünya miqyasında güclü bir diasporası vardır. Bu diaspora Azərbaycanın milli maraqlarını qorumaq və dünya ölkələrində Azərbaycan həqiqətlərini yaymaq üçün fəal şəkildə fəaliyyət göstərir. Diaspor təşkilatları Azərbaycan mədəniyyətini təbliğ etmək, gənc nəsilləri milli dəyərlərlə yetişdirmək və dövlətin xarici siyasətinə dəstək olmaq istiqamətində də mühüm rol oynayır. Bu fəaliyyətlər Azərbaycanın dünya səhnəsində güclü bir tərəfdaş olmasına və milli birliyin bərqərar olmasına xidmət edir”.

Onun sözlərinə görə, Vətən müharibəsi dövründə də Azərbaycan xalqı birliyi və həmrəyliyi ilə dünya qarşısında bir qəhrəmanlıq nümunəsi göstərdi. Xalqın Prezident İlham Əliyevin ətrafında cəmləşməsi milli ruhun və gücün təzahürü idi. Bu həmrəylik, yalnız hərbi sahədə deyil, həm də iqtisadi, mədəni və sosial sahələrdə də özünü göstərdi. Xüsusilə, dünya azərbaycanlıları müharibə dövründə Azərbaycan dövlətinin yanında yer alaraq Azərbaycanın haqq mübarizəsini beynəlxalq səviyyədə təbliğ etdilər.

O əlavə edib ki, bu gün həmrəylik və birlik, yalnız keçmişin xatirəsi deyil, gələcəyin də təminatıdır. Azərbaycan xalqı bu idealları qorumaqla, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə güclü və müstəqil bir dövlət olaraq varlığını davam etdirəcəkdir.

Oxşar Xəbərlər

Back to top button