
Azərbaycan ilə Macarıstan strateji dialoqu davam etdirmək, ticarət, investisiya, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir. Tərəflər arasında imzalanmış bu Bəyannamə, ümumilikdə, Azərbaycan-Macarıstan əlaqələrinin daha da strateji və institusional xarakter almasının göstəricisidir.
Müsbət haldır ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir. Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa strukturlarında ölkəmizin maraqlarını hər zaman müdafiə edir.Baş nazir Viktor Orbanın Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Macarıstan COP29-da istisna hal kimi Baş nazir səviyyəsində təmsil olunub.
Qeyd edilməlidir ki, Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir.
Budapeştdə baş tutan görüş göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq mənəvi yaddaş birliyi ilə yanaşı, siyasi rasionalizm və iqtisadi koordinasiyanın nümunəsidir. Azərbaycan bu birliyin həm ruhuna, həm də strukturuna töhfə verən mərkəzi gücdür. Cənab Prezident İlham Əliyevin çıxışında ifadə olunan hədəflər və təqdim olunan rəqəmlər bir daha təsdiq edir: Türk birliyi artıq gələcəyin xəyalı deyil, bu günün siyasi reallığıdır.
İlham Həsənov,
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri